Lənkəranda YAP-ın VIII Qurultayına həsr olunmuş elmi seminar təşkil edilib
Bakı, 15 oktyabr, AZƏRTAC
Lənkəran Regional Elmi Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqi və qarşıda duran vəzifələrlə bağlı elmi seminar keçirilib.
Bu barədə AZƏRTAC- a Lənkəran Regional Elmi Mərkəzindən məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin Lənkəran şəhərinin mərkəzi meydanındakı abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar.
Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, müstəqil dövlətimizin banisinin və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Elmi seminarı giriş sözü ilə AMEA Lənkəran Regional Elmi Mərkəzinin elmi katibi, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyev açaraq “Elmi, ideoloji məsələlər: yeni dövrün çağırışları” adlı məruzəsində Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqində səsləndirilən fikirlərin və qarşıya qoyulan vəzifələrin Azərbaycanın davamlı inkişafına, beynəlxalq aləmdə mövqeyinin daha da möhkəmlənməsinə xidmət etdiyini vurğulayıb. O, həmçinin qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, milli həmrəyliyimiz və qüdrətli ordumuzun şücaəti sayəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildikdən sonra ölkəmiz keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu baxımdan cəmiyyətimizin, o cümlədən alim və ziyalılarımızın üzərinə mühüm vəzifələr düşür.
Daha sonra məruzələr dinlənilib. Məruzəçilər müasir Azərbaycanın əldə etdiyi tarixi nailiyyətlər əsasında Ulu Öndər Heydər Əliyevin formalaşdırdığı və onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən güclü dövlətçilik strategiyasının dayandığını vurğulayıblar. Qeyd olunub ki, Prezident İlham Əliyevin qurultayda səsləndirdiyi fikirlər ölkəmizin daha parlaq gələcəyinin təmin olunması, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi, milli maraqlarımızın qorunması, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, eləcə də regional və qlobal proseslərə təsir imkanlarının artırılması baxımından tarixi əhəmiyyət daşıyır.