BSU ilə AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutu yeni layihəyə başlayıb
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakı Slavyan Universiteti (BSU) ilə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutu BSU-nun 80 illik yubileyinə həsr olunmuş “Elm, fəlsəfə və milli düşüncə” adlı layihəyə başlayıb.
BSU- dan AZƏRTAC- a bildirilib ki, layihənin məqsədi elmi-tədqiqat institutları və ali təhsil müəssisələri arasında elmi əməkdaşlığı gücləndirmək və elmi müzakirələrin aparılmasına xidmət edən platforma formalaşdırmaqdır.
Tədbirdə BSU-nun rektoru Anar Nağıyev elmin fəlsəfi əsasları, elmi biliklərin cəmiyyətin inkişafındakı rolu və sosial elmlərin inkişaf perspektivləri barədə çıxış edib. Rektor IV Sənaye İnqilabı, rəqəmsallaşma və süni intellekt texnologiyalarının inkişafı şəraitində elmi tədqiqatların yeni metodoloji yanaşmalar əsasında təşkilinin, humanitar və sosial biliklərin innovativ potensialının genişləndirilməsinin aktuallığını vurğulayıb. O, həmçinin milli düşüncə ilə qlobal elmi proseslərin qarşılıqlı əlaqəsinə, milli identikliyin fəlsəfi dərkinə və müasir cəmiyyətin intellektual inkişafında fəlsəfi yanaşmaların roluna diqqət çəkib.
Görüş zamanı çıxış edən AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun direktoru, professor İlham Məmmədzadə elmin fəlsəfəsi, ideologiyası və sosiologiyasının nəzəri-metodoloji əsaslarına, bu sahələrin müasir elmi düşüncədə yerinə və əhəmiyyətinə toxunub.
Görüşdə AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun elmi işlər üzrə direktor müavini, tarix elmləri doktoru Eynulla Mədətli institutun elmi fəaliyyəti və tədqiqat istiqamətləri, dosent Ənvər Abbasov isə universitetdə aparılan elmi araşdırmalar və əldə olunan nəticələr barədə məlumat veriblər.
Görüşün sonunda kitab təqdimatı keçirilib.