Bakı Sammiti Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfənin göstəricisidir - RƏY
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Zirvə Toplantısı Azərbaycanın beynəlxalq diplomatiyada artan rolunun və Asiya məkanında əməkdaşlığın genişləndirilməsinə verdiyi töhfənin növbəti göstəricisidir. Beynəlxalq münasibətlər sistemində geosiyasi gərginliyin və dövlətlərarası ziddiyyətlərin artdığı bir dövrdə müxtəlif siyasi və iqtisadi maraqlara malik ölkələrin Bakıda bir araya gəlməsi xüsusi əhəmiyyət daşıyır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin baş məsləhətçisi Roza Bayramova bildirib.
O qeyd edib ki, Bakı Sammiti, ilk növbədə, Azərbaycanın Asiyada çoxtərəfli diplomatiyanın inkişafına verdiyi töhfəni nümayiş etdirir.
"Belə bir mürəkkəb geosiyasi şəraitdə müxtəlif maraqlara malik dövlətlərin ortaq platformada təmsil olunması dialoqun davam etdirilməsi, qarşılıqlı etimadın möhkəmləndirilməsi və əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan 2024-cü ilin dekabrında AQEM-ə sədrliyi qəbul edərək “Daha güclü AQEM: Asiyada bağlantılar, rəqəmsallaşma və dayanıqlı inkişaf” şüarını əsas götürüb. Müəyyənləşdirilən bu prioritetlər ölkəmizin regional əməkdaşlığın inkişafına, beynəlxalq nəqliyyat dəhlizlərinin genişləndirilməsinə və iqtisadi əlaqələrin gücləndirilməsinə yönəlmiş xarici siyasət kursu ilə birbaşa uzlaşır. Bu yanaşma Azərbaycanın Asiya məkanında əməkdaşlığın dərinləşdirilməsinə və qarşılıqlı faydalı tərəfdaşlıq münasibətlərinin inkişafına verdiyi önəmi əks etdirir".
Roza Bayramova bildirib ki, Azərbaycanın AQEM-ə sədrliyi dövründə təşkilatın institusional inkişafı istiqamətində də mühüm addımlar atılıb. Qadınlar Şurası və Maliyyə Sammiti kimi yeni məşvərətçi orqanların yaradılması, Aparıcı Universitetlərin Tərəfdaşlıq Şəbəkəsinin fəaliyyətə başlaması, eləcə də Bakıda AQEM-in 13-cü Beyin Mərkəzləri Forumunun, ilk Media Forumunun və Liman Rəhbərləri Konfransının keçirilməsi təşkilat çərçivəsində əməkdaşlığın daha praktik müstəviyə keçməsinə xidmət edib. Bu təşəbbüslər üzv dövlətlər arasında əlaqələrin müxtəlif sahələr üzrə genişləndirilməsi və təşkilatın fəaliyyətinin daha səmərəli təşkili baxımından əhəmiyyətlidir.
Ekspert diqqətə çatdırıb ki, AQEM-in tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi prosesi xüsusi əhəmiyyət daşıyır. Təşkilatın Nizamnaməsinin qəbul edilməsi istiqamətində aparılan danışıqlar Azərbaycanın sədrliyi dövründə əsas prioritetlərdən biridir. Bu prosesdə irəliləyiş əldə olunması AQEM-in institusional imkanlarının gücləndirilməsi, fəaliyyətinin daha sistemli xarakter alması və üzv dövlətlər arasında əməkdaşlığın davamlı mexanizmlər əsasında inkişaf etdirilməsi baxımından mühüm nəticə ola bilər.
“Bakı Sammitinin digər mühüm istiqamətlərindən biri regional bağlantıların və iqtisadi əməkdaşlığın inkişafıdır. Azərbaycan Mərkəzi Asiya ölkələri ilə münasibətlərini genişləndirməklə yanaşı, Orta Dəhlizin inkişafında da mühüm rol oynayır. AQEM platforması isə bu təşəbbüslərin daha geniş Asiya məkanında təşviqi, nəqliyyat infrastrukturunun rəqəmsallaşdırılması, enerji və logistika sahələrində yeni tərəfdaşlıqların qurulması üçün əlavə imkanlar yaradır. Bu baxımdan, regional bağlantıların inkişafı təkcə nəqliyyat və ticarət əlaqələrinin genişlənməsi deyil, həm də dövlətlər arasında qarşılıqlı asılılığın və əməkdaşlıq maraqlarının artması deməkdir", - deyə o bildirib.
Onun sözlərində görə, Bakı Sammitinin əhəmiyyəti yalnız qəbul ediləcək sənədlərlə məhdudlaşmır. Tədbir Azərbaycanın müxtəlif regional aktorlar arasında dialoqu təşviq edən, qarşılıqlı etimadın gücləndirilməsinə və Asiyada daha geniş əməkdaşlıq mühitinin formalaşmasına töhfə verən dövlət kimi mövqeyini bir daha nümayiş etdirir. Mövcud beynəlxalq şəraitdə belə platformaların fəaliyyətinin gücləndirilməsi dövlətlər arasında fikir mübadiləsinin davam etdirilməsi, ortaq maraqların müəyyənləşdirilməsi və regional əməkdaşlığın yeni istiqamətlər üzrə inkişafı üçün mühüm əhəmiyyət kəsb edir.
Müxbir - Səbinə Əlizadə