Milli Kibertəhlükəsizlik Agentliyi maarifləndirmə tədbirlərini 133 məkanda həyata keçirir
Bakı, 15 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyasının 8.8.1.1-ci yarımbəndinə əsasən, Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən əhalinin kibertəhlükəsizlik sahəsində məlumatlılığının artırılması istiqamətində maarifləndirmə tədbirləri davam edir.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, tədbirlər çərçivəsində kibertəhdidlər, kibergigiyena qaydaları, fərdi məlumatların qorunması, fişinq və sosial mühəndislik hücumlarından müdafiə yolları barədə məlumatlar vətəndaşlara çatdırılır.
Maarifləndirmə tədbirləri Bakı Metropoliteni, smart dayanacaqlar, “ASAN xidmət”, “ASAN kommunal”, Heydər Əliyev Beynəlxalq Aeroportu, “AccessBank”, “Azərpoçt” filialları, DOST Mərkəzləri və Azərbaycan Dəmir Yolları daxil olmaqla ümumilikdə 133 müxtəlif məkan və xidmət nöqtəsində həyata keçirilir.
Bununla yanaşı, “SİMA İmza” və “myGov” platformaları vasitəsilə 5 milyondan çox istifadəçiyə kibertəhlükəsizliklə bağlı maarifləndirici bildirişlər göndərilir.
MKA rəqəmsal mühitdə təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması və kibertəhlükələr barədə məlumatlılığın artırılması istiqamətində maarifləndirmə fəaliyyətlərini geniş miqyasda davam etdirəcək.