Nurjan Marabayev: Mövcud geosiyasi vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha da artırır
Bakı, 15 oktyabr, AZƏRTAC
İstər Hörmüz boğazından, istərsə də hər hansı bir keçiddən asılılıq geosiyasi problemlərin nəticəsi olaraq bağlanarsa kritik vəziyyət yaranar və bundan dövlətlərlə yanaşı böyük bizneslər də zərər çəkər.
AZƏRTAC xəbər verir ki, bu sözləri Qazaxıstanda keçirilən “TransLogistica Kazakhstan 2026” sərgisində “Semurg Invest LLP” logistika şirkətinin rəhbəri Nurjan Marabayev deyib.
Onun sözlərinə görə, mövcud vəziyyət Orta Dəhlizin əhəmiyyətini daha artırıb.
“Cənubda və Şimalda davam edən geosiyasi proseslər, münaqişə və hərbi əməliyyatlar şərqdən qərbə və əks istiqamətə yüklərin daşınması üçün yalnız bir yolu mümkün edib ki, bu da Orta Dəhlizdir. Qazaxıstan və Özbəkistan istehsal etdikləri gübrə və nadir metalları dünya bazarına yalnız Orta Dəhliz vasitəsilə çıxara bilərlər. Buna görə də Orta Dəhlizin inkişafı üçün özəl sektorla yanaşı dövlətlər də maliyyə vəsaiti ayırmalı və sərmayə yatırıb daha geniş dəmir yolu, limanlar tikməlidir. Hazırda Qazaxıstanın Kurık limanı vasitəsilə Çindən Avropaya yüklər Xəzər dənizi və Azərbaycandan keçərək çatdırılır. Bu limanın imkanları daha da artırılmalıdır”, - deyə Nurjan Marabayev əlavə edib.