Fəxrəddin Manafov: Ramiz Quliyev milli musiqimizin inkişafına mühüm töhfələr verib
Bakı, 15 oktyabr, AZƏRTAC
Biz hamımız musiqini sevirik və onun insan ruhuna necə təsir etdiyini yaxşı bilirik. Eyni zamanda, bir azərbaycanlı olaraq tar sənətinin tarixini, bu milli musiqi alətini susdurmağa çalışanları, eləcə də onu qoruyub yaşadan, inkişaf etdirən və gələcək nəsillərə ötürən sənətkarları tanıyırıq. Ramiz Quliyev də Azərbaycan tar ifaçılığı sənətində dərin iz qoymuş, milli musiqimizin inkişafına mühüm töhfələr vermiş görkəmli sənətkarlardan biridir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Xalq artisti Fəxrəddin Manafov səsləndirib.
O bildirib ki, Ramiz Quliyevlə aralarında yeddi yaş fərq olmasına baxmayaraq, onları uzun illər səmimi dostluq münasibətləri bağlayıb.
“Ramiz Quliyevin simasında hər zaman təbəssüm olardı. Həyatımda çox nadir hallarda elə insan görmüşəm ki, onun üzündə bir dəfə də olsun təbəssümdən başqa ifadəyə rast gəlməyim. O, daim düşüncəli, eyni zamanda, gülərüz və mehriban insan idi. Əminəm ki, onun düşüncələrinin mərkəzində hər zaman musiqi dayanırdı. Ramiz Quliyev musiqi ilə yaşayır, musiqi ilə nəfəs alırdı”, – deyə Xalq artisti vurğulayıb.
F.Manafov qeyd edib ki, bu gün görkəmli sənətkarın musiqi ənənələri layiqincə yaşadılır: “Onun oğlu Əyyub Quliyev atasının sənət yolunu fərqli istiqamətdə – dirijorluq sahəsində uğurla davam etdirir. Doğrudur, onların fəaliyyət sahələri fərqlidir, lakin hər ikisini birləşdirən əsas amil musiqiyə olan sonsuz sevgidir. Əyyub Quliyev böyük orkestrləri idarə edən, musiqinin incəliklərini və dərinliyini duyan, əsərlərin mahiyyətini dinləyicilərə çatdırmağı bacaran peşəkar dirijordur. İnanıram ki, Ramiz Quliyevin zəngin sənət irsi, tarının ecazkar səsi və Azərbaycan musiqisinə bəxş etdiyi dəyərli töhfələr heç vaxt unudulmayacaq, gələcək nəsillərin yaddaşında yaşayacaq”.
Müxbir – Günel Alıyeva