Gürcüstandakı azərbaycandilli məktəblərə Azərbaycanın göndərdiyi dərsliklər paylanılıb
Tbilisi, 15 oktyabr, AZƏRTAC
Azərbaycan dövlətinin Gürcüstanda yaşayan soydaşlarımıza, xüsusən də azərbaycandilli məktəblərə dəstəyini davam etdirir. Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ənənəyə uyğun olaraq bu ildə də 2026–2027-ci tədris ili üçün Gürcüstanın Təhsil və Elm Nazirliyinə 18 adda, 22 min 50 nüsxə “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliyi göndərilib. Bu gündən həmin dərsliklərin azərbaycandili məktəblərə paylanılmasına başlanılıb.
AZƏRTAC xüsusi müxbiri Tbilisidəki M.F.Axundzadə adına 73 saylı tam orta məktəbdə olub, prosesin həyata keçirilməsini izləyib.
Qeyd edək ki, bu məktəb 150 ildən artıqdır ki, fəaliyyət göstərir. Məktəb 2010-cu ildə Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində əsaslı təmir olunub və müasir avadanlıqla təmin edilib.
Məktəbin direktoru Salman Pirməmmədov bildirib ki, məktəbə uşaqların sayına uyğun olaraq ümumilikdə I və XI sinif şagirdləri üçün 223 ədəd kitab təqdim olunub. Kitablar əvvəlcə xüsusi möhürlə qeydiyyata alınıb, sonra isə şagirdlərə təqdim olunub.
İlk növbədə məktəbin I sinif şagirdləri bu kitablara sahib olublar.
S.Pirməmmədov deyib: “Biz həmişə dərslikləri Gürcüstan dövlətindən və Azərbaycan Respublikasından alırıq. Gürcüstan dövlətindən biz yalnız gürcü məktəblərində tərcümə olunmuş kitabları alırıq. Azərbaycan Respublikasından isə Azərbaycan dili və ədəbiyyatı kitablarını alırıq. Biz həmişə dərslikləri vaxtında alırıq, vaxtında da şagirdlərə paylayırıq. Heç bir vaxtı bizim kitablar, dərsliklər haqqında problemlərimiz olmur”.
Dərsliklərlə bağlı məktəbin müəllimləri və valideynlər də razılıq edirlər.
İbtidai sinif müəllimi Vüsalə Gülməmmədova deyib: “Biz dərsliklərdən çox razıyıq, şagirdlərimiz bu kitablardan yaxşı yararlanırlar. Sağ olsun Azərbaycan dövləti hər zaman bizə diqqət və qayğı göstərir və şagirdlərimizi “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri ilə təmin edir. Bu qayğıya görə, Azərbaycan dövlətinə çox təşəkkür edirəm. Biz də budan faydalanaraq Azərbaycan dilini tədris edir, Ana dilimizin incəliklərini şagirdlərə öyrədirik”.
Valideyn Rəmalə Poladova da dərsliklərlə bağlı razılığını bildirib: “Mən ana dilimi çox sevirəm. İstəyirəm mənim uşaqlarımın da sevgisi o qədər çox olsun. Ona görə də övladımı Azərbaycan məktəbinə qoymuşam. Çox sağ olsun Azərbaycan dövləti də bizim məktəblərimizi dərsliklərlə və bütün vasitələrlə təmin edir. Bundan çox razıyıq.
Biz Gürcüstanda yaşayırıq, gürcü dilini sevirik, əlbəttə ki, burada da gürcü dilində təhsil alırıq. Amma eyni sevgi, eyni münasibət və məsuliyyət Azərbaycan dilində də olmalıdır. Övladlarımız hər iki dili eyni dərəcədə öyrənməli və sevməlidirlər”, – deyə R.Poladova bildirib.
Qeyd edək ki, kitablar artıq Bolnisi rayonuna da çatdırılıb. Bolnisi rayon Kəpənəkçi kənd məktəbində də bu gün kitabların paylanılmasına başlanılıb.