İdeoloji təhlükəsizlik müasir dövrün əsas çağırışlarındandır – Göyçayda müşavirə VİDEO
Göyçay, 15 oktyabr, AZƏRTAC
Göyçayda Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Orxan Mürsəlov Prezident İlham Əliyevin VIII Qurultaydakı nitqində ölkənin gələcək inkişafı, milli maraqların qorunması, təhlükəsizliyin təmin olunması və əhalinin sosial rifahının yüksəldilməsi ilə bağlı müəyyənləşdirilən prioritetlərdən danışıb. O, qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində hər kəsin üzərinə məsuliyyət düşdüyünü vurğulayaraq, xalqın rifahı və ölkənin gələcəyi naminə hər bir sahədə səylərin artırılmasının vacibliyini qeyd edib.
Şəhid Elnur Əliyevin anası Tahirə Əliyeva şəhid ailələri adından çıxış edərək, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam bərpasından sonra keçirilən YAP-ın VIII Qurultayının tarixə “Zəfər qurultayı” kimi düşdüyünü bildirib, şəhid ailələrinə göstərilən diqqət və qayğının dövlətin vətəndaşlara verdiyi yüksək dəyərin göstəricisi olduğunu vurğulayıb.
Müşavirədə rayon Ağsaqqallar Şurasının sədri Nazir Əhmədov, müharibə iştirakçısı Süleyman Səfərov, Qaraxıdır kənd tam orta məktəbinin Əməkdar müəllimi Pərviz Yəhyalı, qurultay nümayəndəsi Firəngiz Məmmədyarova və Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Mərkəzi Aran Regional Ərazi Filialının direktoru İlqar Səmədov da çıxış ediblər.
Çıxışlarda qurultayın əhəmiyyəti, ölkənin inkişaf strategiyası və müəyyənləşdirilmiş prioritet istiqamətlər müzakirə olunub. Eyni zamanda, ideoloji təhlükəsizliyin müasir dövrün əsas çağırışlarından biri olduğu vurğulanıb, gənc nəslin milli ruhda və vətənpərvərlik prinsipləri əsasında tərbiyəsində təhsilin mühüm rolu qeyd edilib.
Müxbir- Rəşad Türkoğlu