Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
Bakı, 15 oktyabr, AZƏRTAC
Energetika naziri Pərviz Şahbazovun iştirakı ilə nazirlikdə növbəti dəfə vətəndaşlarla görüş keçirilib.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş zamanı elektrik enerjisi təchizatı, şəbəkəyə qoşulma, transformator və elektrik sayğacı ilə təminat və digər mövzularla bağlı müraciətlər dinlənilib, vətəndaşları narahat edən məsələlərin qanunvericiliyin tələblərinə uyğun həlli üçün müvafiq tapşırıqlar verilib.
Görüşdə Bakı şəhəri və Goranboy rayonundan olan sakinlər iştirak ediblər.
Qeyd edək ki, Energetika Nazirliyi tərəfindən vətəndaş müraciətlərinə baxılması işinin səmərəli təşkili məqsədilə rəhbər vəzifəli şəxslərin 2026-cı il üzrə vətəndaş qəbulu qrafiki nazirliyin rəsmi internet səhifəsində yerləşdirilib.