Dövlətçilik ənənələrinin qorunması və milli həmrəyliyin möhkəmləndirilməsi vacib vəzifələrdəndir
Şabran, 15 oktyabr, AZƏRTAC
Gənclərin zərərli ideoloji təsirlərdən qorunması, milli-mənəvi dəyərlərin yaşadılması, dövlətçilik düşüncəsinin möhkəmləndirilməsi və maarifləndirmə işinin gücləndirilməsi mühüm əhəmiyyət daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Şabran rayonunda Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirədə bildirilib.
Müşavirədə rayon rəhbərliyinin, YAP rayon təşkilatının, idarə, müəssisə və təşkilatların nümayəndələri, ağsaqqallar, təhsil işçiləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Şabran Rayon İcra Hakimiyyətinin başçısı Asif Hüseynov çıxışında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrdən, ölkəmizin müstəqilliyinin və dövlət suverenliyinin möhkəmləndirilməsi, milli təhlükəsizliyin təmin olunması və davamlı inkişafın əsas prioritetlərindən danışıb. O, dövlət başçısının rəhbərliyi ilə Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmləndirilməsi, iqtisadi potensialının artırılması və əhalinin sosial rifahının yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıb. İcra başçısı milli-mənəvi dəyərlərin qorunmasının, milli həmrəyliyin gücləndirilməsinin, gənc nəslin vətənpərvərlik və dövlətçilik ruhunda tərbiyəsinin vacibliyini diqqətə çatdırıb. Bildirib ki, ideoloji və maarifləndirmə işi formal xarakter daşımamalı, konkret nəticələrə yönəlməli, bu istiqamətdə dövlət qurumları, təhsil müəssisələri, ziyalılar, ağsaqqallar və ictimaiyyət nümayəndələri birgə fəaliyyət göstərməlidirlər. Asif Hüseynov qarşıya qoyulan vəzifələrin ardıcıl və məsuliyyətlə yerinə yetirilməsinin hər bir dövlət qurumunun və vətəndaşın qarşısında mühüm məsuliyyət qoyduğunu qeyd edib.
Rayon Ağsaqqallar Şurasının sədri Adgözəl Əliyev, Şabran şəhər Oqtay Bəşirov adına 2 nömrəli ümumi orta ümumtəhsil məktəbinin direktoru Təranə Allahyarova, Şabran Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Vidadi Novruzov, Şabran şəhəri 2 saylı tam orta ümumtəhsil məktəb-liseyin müəllimi Gülşən Rzayeva və Şabran şəhər Məmmədağa Nəzirov adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin müəllimi Vüsalə Orucova çıxışlarında milli-mənəvi dəyərlərin qorunmasının, dövlətçilik ənənələrinin yaşadılmasının, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin və maarifləndirmə işinin gücləndirilməsinin əhəmiyyətindən danışıblar. Onlar bu istiqamətdə ağsaqqalların, təhsil işçilərinin və dövlət qurumlarının üzərinə düşən vəzifələri vurğulayaraq, milli həmrəyliyin möhkəmləndirilməsi və gənclərin zərərli ideoloji təsirlərdən qorunması üçün birgə fəaliyyətin vacibliyini qeyd ediblər.
Vətən müharibəsi şəhidi Seyfəddin Balağayevin anası Besxanım Balağayeva çıxışında şəhidlərin qəhrəmanlığının gələcək nəsillər üçün örnək olduğunu, onların əziz xatirəsinin yaşadılmasının hər bir vətəndaşın mənəvi borcu olduğunu bildirib. O, şəhid ailələrinə göstərilən diqqət və qayğının davam etdirilməsinin, milli birliyin və həmrəyliyin qorunmasının əhəmiyyətini vurğulayıb.
Vətən müharibəsinin qazisi Həsənpaşa Şeydayev çıxışında Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə xalqımızın nümayiş etdirdiyi birlik və həmrəylikdən danışıb. O, Vətən müharibəsində qazanılmış tarixi Zəfərin gənc nəsildə vətənpərvərlik hisslərinin gücləndirilməsi, dövlətçilik ənənələrinin qorunması və milli birliyin möhkəmləndirilməsi baxımından mühüm örnək olduğunu qeyd edib.
Müşavirədə Prezident İlham Əliyevin müəyyən etdiyi strateji hədəflərdən irəli gələn vəzifələrin həyata keçirilməsi, milli-mənəvi dəyərlərin qorunması, gənclərin zərərli ideoloji təsirlərdən müdafiəsi və cəmiyyətdə milli həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Müxbir – Elxan Yusifli