Cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin gələcək inkişafının başlıca şərtlərindəndir
Qusar, 15 oktyabr, AZƏRTAC
Güclü dövlət, möhkəm dövlətçilik, sağlam cəmiyyət, savadlı və vətənpərvər gənclik Azərbaycanın gələcək inkişafının əsas dayaqlarıdır. Müstəqilliyin və dövlətçiliyin möhkəmləndirilməsi, cəmiyyətin sağlam mənəvi əsaslarının qorunması ölkəmizin inkişafının başlıca şərtlərindəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər Qusarda Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirədə vurğulanıb.
Müşavirədə dövlət başçısının nitqində irəli sürülən strateji hədəflər, milli həmrəyliyin möhkəmləndirilməsi, dövlətçilik ənənələrinin qorunması, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi və zərərli ideoloji təsirlərə qarşı mübarizə məsələləri müzakirə olunub.
Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov çıxışında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, milli maraqların qorunması və dövlətçilik prinsiplərinin möhkəmləndirilməsi baxımından əhəmiyyətindən danışıb. Bildirib ki, dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsi, milli həmrəyliyin gücləndirilməsi və cəmiyyətin bütün təbəqələrinin bu prosesdə fəal iştirakının təmin olunması mühüm vəzifələrdəndir. İcra başçısı, həmçinin gənclərin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər ruhda yetişdirilməsinin, onların zərərli ideoloji təsirlərdən qorunmasının və maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini vurğulayıb.
Qusar Rayon Ağsaqqallar Şurasının sədri Sənan Xəlilov, Qusar şəhər 6 saylı tam orta ümumtəhsil məktəbinin direktoru Kəmalə Sadıxova, Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov və Qusar şəhər 3 saylı tam orta ümumtəhsil məktəbinin müəllimi, fəal gənc Bahəddin Osmanov çıxışlarında dövlətçilik ənənələrinin yaşadılması, milli-mənəvi dəyərlərin qorunması və təbliği, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi, eləcə də cəmiyyətdə milli həmrəyliyin möhkəmləndirilməsi məsələlərinə toxunublar. Çıxışlarda Prezident İlham Əliyevin müəyyən etdiyi strateji vəzifələrin həyata keçirilməsində təhsil müəssisələrinin, ictimai təşkilatların və müvafiq qurumların üzərinə düşən məsuliyyət diqqətə çatdırılıb.
Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov çıxışında şəhidlərin xatirəsinin daim uca tutulmasının, onların qəhrəmanlıq yolunun gələcək nəsillərə örnək göstərilməsinin əhəmiyyətini vurğulayıb. O, milli birliyin və həmrəyliyin qorunmasının, gənclərin Vətənə məhəbbət və dövlətə sədaqət ruhunda tərbiyə edilməsinin vacibliyini qeyd edib.
44 günlük Vətən müharibəsinin qazisi İlkin Abuyev çıxışında Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətindən, dövlət müstəqilliyinin və ərazi bütövlüyünün qorunmasının vacibliyindən danışıb. O, gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsinin, milli dəyərlərə bağlılığının gücləndirilməsinin və ölkənin gələcək inkişafında fəal iştirakının əhəmiyyətini diqqətə çatdırıb.
Müşavirədə Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin ardıcıl həyata keçirilməsi, dövlətçilik prinsiplərinin və milli-mənəvi dəyərlərin təbliği, gənclərin zərərli ideoloji təsirlərdən qorunması və cəmiyyətdə milli həmrəyliyin daha da möhkəmləndirilməsi istiqamətində fəaliyyətin davam etdirilməsinin önəmi vurğulanıb.
Müxbir – Elxan Yusifli