İdeoloji təhlükəsizliyin qorunmasına və gənclərin milli ruhda yetişməsinə xüsusi önəm verilməlidir
Masallı, 15 oktyabr, AZƏRTAC
Masallı rayonunda müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, müşavirə Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məruzə ilə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin partiyanın VIII Qurultaydakı nitqindən irəli gələn məsələlərdən danışıb. Bildirib ki, dövlət başçısının çıxışı gələcək fəaliyyətin əsas istiqamətlərini müəyyənləşdirən mühüm yol xəritəsidir. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultay ölkənin siyasi tarixində xüsusi əhəmiyyət daşıyır.
Sonra müşavirə rayonun fəal ziyalılarının, şəhid ailələrinin və sahə rəhbərlərinin çıxışları ilə davam edib.
Çıxış edən Masallı Rayon Ağsaqqallar Şurasının sədri Ələşrəf Niftiyev cəmiyyətdə ağsaqqal sözünün nüfuzundan və mənəvi dəyərindən, eləcə də Vətənə və dövlətə xidmət işində yaşlı nəslin rolundan danışıb. O, milli-mənəvi dəyərlərin qorunmasının, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunmasının və ağsaqqalların bu istiqamətdəki təcrübəsindən istifadə edilməsinin önəmini vurğulayıb.
Müşavirədə çıxış edən Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva Heydər Əliyev irsinin müasir Azərbaycanın inkişaf strategiyasının formalaşmasında əsas rolundan söz açıb. O, Ümummilli Liderin siyasi irsinin qorunması və geniş təbliğinin, eləcə də gənc nəslin milli-mənəvi dəyərlər və dövlətçilik ideologiyası ruhunda tərbiyə olunmasının əhəmiyyətini diqqətə çatdırıb.
Çıxış edən digər natiqlər də ölkədə həyata keçirilən siyasətin əsas istiqamətlərindən, milli-mənəvi dəyərlərin qorunmasının və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyindən bəhs ediblər.
Çıxışlarda ideoloji təhlükəsizliyin təmin olunması, cəmiyyətdə milli birliyin möhkəmləndirilməsi və partiya fəaliyyətinin daha səmərəli təşkili məsələlərinə diqqət yetirilib.
Müxbir- İlkin Adıyev