İdeoloji təhlükəsizlikdən təhsilə: Milli dəyərlər, məktəb mühiti və gələcək nəsillərin formalaşdırılması – ŞƏRH
Bakı, 15 oktyabr, AZƏRTAC
Müasir dövrdə təhsil siyasəti yalnız bilik və bacarıqların formalaşdırılması ilə məhdudlaşmır. Təhsil həm də milli kimliyin qorunması, vətəndaş məsuliyyətinin yüksəldilməsi, sosial bərabərliyin təşviqi və gələcək nəsillərin sağlam dünyagörüşünün formalaşdırılması baxımından strateji əhəmiyyət daşıyır. Bu baxımdan təhsil müəssisələrində vahid yanaşmanın, intizamın və peşəkar davranış mədəniyyətinin təşviqi dövlətin təhsil siyasətinin mühüm istiqamətlərindəndir. Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin Partiyanın VIII Qurultayındakı çıxışı ideoloji təhlükəsizlik məsələsinin müasir dövlətçilik konsepsiyasında yerini və əhəmiyyətini aydın şəkildə ortaya qoyur. Dövlətimizin başçısının ideoloji təhlükəsizliyin fiziki təhlükəsizlik qədər vacib olduğunu vurğulaması bir daha göstərir ki, müasir dövrdə dövlətin gücü yalnız hərbi və iqtisadi imkanlarla deyil, həm də cəmiyyətin intellektual səviyyəsi, milli-mənəvi dayaqları və ideoloji dayanıqlılığı ilə müəyyən olunur.
Bunu AZƏRTAC-a açıqlamasında YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.
O bildirib ki, Azərbaycanın dünyəvi dövlət quruluşu, milli-mənəvi dəyərləri və tarixi təcrübəsi ictimai münasibətlərdə qarşılıqlı hörmətin, dini dözümlülüyün və müxtəlif inanclara mənsub insanların birgəyaşayışının qorunmasını tələb edir. Buna görə də dini maarifləndirmə, elmi biliklərin təşviqi və radikal ideologiyaların mahiyyətinin izah edilməsi, xüsusilə gənc nəslin tərbiyəsində mühüm əhəmiyyət daşıyır: “Təəsüf ki, bu gün xarici mərkəzlər idarə etdikləri media və sosial media platformaları vasitəsilə ziyanlı ideoloji təbliğat apararaq vətəndaşlarımızı, xüsusilə hələ dünyagörüşü formalaşmaqda olan uşaqları və gəncləri təsir altına salmağa çalışırlar. Bu mərkəzlər din amilindən silah kimi istifadə edərək ölkəmizi inkişaf və tərəqqi yolundan geri döndərməyi, burada bəzi Yaxın Şərq ölkələrinin teokratik idarəetmə modelini tətbiq etməyi qarşılarına məqsəd qoyublar. Bəzi qonşu ölkələrdə baş örtüsü məsələsi süni şəkildə qabardılaraq “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda edilmiş dəyişikliklərə qarşı həyata keçirilən kampaniyanın başlıca aktorları da bu mərkəzlər və onların idarə etdiyi resurslardır. Bu məsələlərə münasibətdə emosional çağırışlardan və yanlış məlumatlardan deyil, Azərbaycan Respublikasının qanunvericiliyindən, təhsil siyasətinin məqsədlərindən və uşaqların hüquqlarının qorunması prinsipindən çıxış etmək vacibdir. Prezident İlham Əliyevin qurultaydakı çıxışında vurğulanan ideoloji təhlükəsizlik məsələsi məhz belə hallarda informasiya savadlılığının, milli həmrəyliyin və müstəqil düşüncənin əhəmiyyətini ön plana çıxarır”.
Sevinc Hüseynova vurğulayıb ki, dövlətimizin başçısının ifadə etdiyi əsas yanaşma Azərbaycanın müstəqilliyinin qorunması, milli birliyin möhkəmləndirilməsi və ölkəmizin öz inkişaf yolunu sərbəst müəyyən etmək imkanlarının müdafiəsi ilə bağlıdır. Bu kontekstdə təhsil müəssisələrinin üzərinə mühüm vəzifələr düşür. “Məktəb şagirdlərə yalnız fənn bilikləri verməməli, eyni zamanda, onlarda Vətənə bağlılıq, dövlətçilik düşüncəsi, hüquq və vəzifələrə hörmət, informasiya savadlılığı və ictimai məsuliyyət formalaşdırmalıdır. Təhsil müəssisələrində vahid məktəbli geyiminin tətbiqi də ümumi məktəb mədəniyyətinin formalaşdırılması baxımından əhəmiyyətli istiqamətlərdən biridir. Məktəb yalnız biliklərin mənimsənildiyi məkan deyil, həm də uşaqların sosial münasibətlər qurduğu, kollektivdə davranış qaydalarını öyrəndiyi və şəxsiyyət kimi formalaşdığı ictimai mühitdir. Vahid məktəbli forması şagirdlər arasında geyimə görə yaranan müqayisələri və sosial fərqlərin zahiri ifadəsini müəyyən qədər azaltmağa, məktəb kollektivinə mənsubiyyət hissini gücləndirməyə kömək edə bilər. Vahid məktəbli geyimi diqqətin xarici görünüşdən təhsilə və şəxsi inkişafa yönəldilməsinə şərait yaradan vasitələrdən biridir. Bu yanaşmanın sosial əhəmiyyəti xüsusilə ona görə böyükdür ki, məktəb yaşlarında uşaqların özünəinamı və kollektivə uyğunlaşması həssas xarakter daşıyır. Geyimə görə lağ etmə, maddi imkanlara əsaslanan müqayisələr və ayrı-seçkilik uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Vahid forma bu risklərin müəyyən hissəsini azalda bilsə də, sağlam məktəb mühitinin yaradılması müəllimlərin, valideynlərin və məktəb rəhbərliyinin birgə fəaliyyətini tələb edir. Təhsil müəssisələrində vahid yanaşma yalnız şagirdlərə aid tələblərlə məhdudlaşmır. Müəllimlərin peşəkar davranışı, ünsiyyət mədəniyyəti və xarici görünüşü də məktəbin ümumi təşkilati mühitinə təsir göstərən amillərdəndir. Dövlət ümumi təhsil müəssisələrində təhsilverənlərin geyimi ilə bağlı tələblərin müəyyənləşdirilməsi işgüzar geyim mədəniyyətinin formalaşdırılmasına, təhsil mühitində peşəkarlıq və qarşılıqlı hörmət prinsiplərinin möhkəmləndirilməsinə xidmət edir. Güclü dövlətin gələcəyi savadlı, sağlam düşüncəli, milli dəyərlərinə bağlı və müasir dünyanın çağırışlarına hazır vətəndaşlardan asılıdır. Bu vətəndaşların yetişdirildiyi əsas məkan isə ailə ilə yanaşı, məktəbdir. Buna görə də təhsil müəssisələrində vahid yanaşmanın, peşəkar davranışın və sağlam məktəb mühitinin formalaşdırılması yalnız təhsil sahəsinin deyil, bütövlükdə cəmiyyətin gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır”, - deyə deputat qeyd edib.
Müxbir – Göyçək Mahmudlu