Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrası vacibdir
Gəncə, 15 oktyabr, AZƏRTAC
Kəlbəcər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Gəncə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş geniştərkibli müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb, Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Kəlbəcər Rayon İcra Hakimiyyətinin başçısı Azər Qocayev bildirib ki, Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqi ölkənin gələcək inkişaf strategiyasının müəyyənləşdirilməsi, dövlətçilik prinsiplərinin daha da möhkəmləndirilməsi və partiyanın qarşısında duran prioritet vəzifələrin müəyyən olunması baxımından mühüm əhəmiyyət daşıyır.
İcra başçısı Kəlbəcərdə qarşıya qoyulan vəzifələrin ardıcıl və vaxtında icrasının, əhalinin müraciətlərinə həssaslıqla yanaşılmasının, vətəndaşların sosial problemlərinin həllinin daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayıb. Aidiyyəti qurumların fəaliyyətində məsuliyyət və operativliyin artırılmasının, dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsinin, vətəndaş məmnunluğunun təmin olunmasının və yerlərdə dövlət siyasətinin uğurla həyata keçirilməsinin zəruriliyini qeyd edib.
Çıxış edən Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri Aqil Məmmədov YAP-ın VIII Qurultayında Prezident İlham Əliyevin nitqində səsləndirilən müddəalar, Azərbaycanın siyasi və sosial-iqtisadi inkişafı, milli maraqların qorunması, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi və tarixi Zəfərin əhəmiyyəti ilə bağlı fikirlər səsləndirib.
Azərbaycanın Milli Qəhrəmanı Hökumə Əliyevanın atası Cəlil Alıyev, Kəlbəcər Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Nicat Sadıqov, Vətən müharibəsi qazisi Xəyyam Fətəliyev, Kəlbəcər rayon 115 nömrəli tam orta məktəbinin direktoru Aqil Muxtarov, 109 nömrəli tam orta məktəbin tarix müəllimi Şikar Baxışov və Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Kəlbəcər Rayon Komitəsinin sədri Şəlalə Məmmədova çıxışlarında Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi uğurlardan, xalq-iqtidar birliyindən və ölkənin beynəlxalq mövqeyinin möhkəmlənməsindən bəhs ediblər.
Vətən müharibəsində əldə olunan tarixi Qələbənin əhəmiyyəti və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi də diqqətə çatdırılıb. YAP-ın ölkənin ictimai-siyasi həyatındakı rolu vurğulanaraq dövlət başçısının müəyyən etdiyi inkişaf strategiyasının ardıcıl həyata keçirilməsinin əhəmiyyəti qeyd olunub.
Müxbir - Elcan Məmmədov