Gürcüstanda müəllim də, valideyn də vahid məktəbli formasından razıdır
Tbilisi, 15 oktyabr, AZƏRTAC
Hər bir ölkədə ümumtəhsil müəssisələrində bərabərliyin qorunması, şagirdlərin geyim baxımından vahid standartlara uyğunlaşdırılması və sağlam sosial mühitin yaradılması əsas məqsədlərdən biridir. Hər bir ölkənin hökuməti tərəfindən həyata keçirilən layihələr çərçivəsində məktəbli formalarının mərkəzləşdirilmiş qaydada təmin edilməsi üçün tədbirlər görülür. Gürcüstanda dövlət ümumtəhsil məktəblərində ibtidai sinif şagirdləri (1-ci sinifdən 6-cı sinfə qədər) üçün vahid məktəbli formalarının tətbiqi və geyinilməsi məcburi xarakter daşımağa başlayıb.
AZƏRTAC-ın xüsusi müxbiri Gürcüstan məktəblərində olub, vəziyyəti araşdırıb.
Tbilisidəki M.F.Axundzadə adına 73 saylı məktəbin direktoru Salman Pirməmmədov deyir ki, Gürcüstan hökumətinin qərarına əsasən bu il ibtidai sinif şagirdlərinin vahid məktəbli forması ilə gəlməlidirlər. Şagird forması müəyyən mağazalarda satılır. Hələlik yalnız birinci sinif şagirdləri bu qərara uyğun geyinirlər. Yuxarı siniflər üçün bu qayda noyabr-dekabr aylarında həyata keçiriləcək.
Onun sözlərinə görə, vahid məktəbli forması ilk növbədə şagirdlər arasında ayrı-seçkiliyə son qoyur. Bir şagirdin digərindən fərqliliyi, zəngin və ya kasıb ailənin övladları arasında fərq olmur.
“Zənnimcə bu, çox yaxşı addımdır. Şagirdlər daha bir-birindən seçilmirlər. Hamı eyni forma ilə gəlir. Bu da təhsilə böyük bir dayaqdır. Şagirdlərin artıq yalnız bir qayğısı olur, o da keyfiyyətli təhsil almaqdır”, - deyə S.Pirməmmədov vurğulayıb.
Direktor deyir ki, valideynlər vahid məktəbli formasına keçid tələbini də normal qarşılayıblar: “Hətta sevinirlər də. Elə uşaqlar var idi ki, onlar bir az məktəbə uyğun olmayan formalarda gəlirdilər. Bəzilərinin imkanları var idi, onlar yaxşı geyinirdilər. Bəziləri daha başqa formalarda gəlirdilər. Bəziləri isə imkanı olmadığından başqa formada geyinirdi”.
Valideyn Remalə Poladova da vahid məktəbli formasından razıdır: “Bu gün məktəblərdə vahid məktəbli formasının tətbiqi çox yaxşı qərardır. Biz bir valideyn olaraq bunu alqışlayırıq. Axı niyə mənim övladım başqasından fərqlənməlidir? Şagirdlərin eyni görünüşdə, eyni formada olması daha yaxşıdır”.
Tbilisidəki 64 saylı qarışıq (Azərbaycan, gürcü və rus bölmələri) Rustavidəki 18 saylı, Bolnisinin Kəpənəkçi kəndindəki 2 saylı, eləcə də Marneuli şəhər 1 saylı, Candar və Şulaver kənd məktəblərində də vahid məktəbli formalarına münasibət eynidir. Yəni müəllim və valideynlər vahid məktəbli forması ilə bağlı qaydalardan tam razıdırlar.