Milli maraqların qorunması və sabitlik dövlət siyasətinin prioritetidir
Goranboy, 15 oktyabr, AZƏRTAC
Azərbaycanda ictimai-siyasi sabitlik və təhlükəsiz mühiti yüksək səviyyədə qorunur, xaricdən qaynaqlanan ideoloji xarakterli təhdidlər qətiyyətlə neytrallaşdırılır, milli maraqların müdafiəsi naminə qabaqlayıcı addımlar ardıcıl olaraq atılır. Eyni zamanda, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, zəngin tariximizin, milli mədəniyyətimizin və dövlətçilik dəyərlərimizin aşılanması hər kəsin ümdə vətəndaşlıq vəzifəsidir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir Goranboyda Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn məsələlərə həsr olunmuş tədbirdə səsləndirilib.
Çıxış edən Goranboy Rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlərdən, ölkənin beynəlxalq nüfuzunun yüksəlməsindən, dövlət müstəqilliyinin möhkəmləndirilməsindən və milli maraqların qətiyyətlə qorunmasından bəhs edib.
Məhərrəm Quliyev Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan dövlətçilik strategiyasının bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib. Qeyd edib ki, həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkədə siyasi sabitlik təmin olunub, iqtisadiyyatın müxtəlif sahələrində mühüm irəliləyişlər əldə edilib, sosial rifahın yüksəldilməsi istiqamətində ardıcıl tədbirlər görülüb.
Tədbirdə çıxış edən rayon Ağsaqqallar Şurasının sədri Rəddin Məmmədov ölkədə milli birliyin və ictimai həmrəyliyin qorunmasının əhəmiyyətindən danışıb. O, ağsaqqalların cəmiyyətin mənəvi dayaqlarından biri kimi gənc nəslin düzgün istiqamətləndirilməsində, milli-mənəvi dəyərlərin yaşadılmasında və ailə institutunun möhkəmləndirilməsində mühüm rol oynadığını bildirib.
Çıxış edən şəhid ailəsinin üzvü Rübabə İsmayılova Vətən uğrunda canından keçən şəhidlərin ailələrinə və müharibə iştirakçılarına göstərilən diqqət və qayğının dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu vurğulayıb. “Vətən uğrunda şəhid olan qəhrəmanların həyat yolu gələcək nəsillər üçün vətənpərvərlik nümunəsidir. Şəhid ailələri üçün ən böyük təsəlli övladlarının müqəddəs amal uğrunda canlarından keçməsi, xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü naminə göstərdikləri qəhrəmanlığın daim ehtiramla yad olunmasıdır,” - deyə Rübabə İsmayılova qeyd edib.
Qurultay nümayəndəsi Fuad Vəliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətindən, Azərbaycanın beynəlxalq mövqeyinin möhkəmlənməsindən, milli maraqların qorunmasından və ölkədə aparılan quruculuq işlərindən danışıb. O, Yeni Azərbaycan Partiyasının qarşıya qoyduğu vəzifələrin yerinə yetirilməsinin, partiyanın ictimai-siyasi fəaliyyətinin gücləndirilməsinin, vətəndaşlarla əlaqələrin genişləndirilməsinin və gənclərin ictimai proseslərdə fəal iştirakının təmin edilməsinin vacibliyini vurğulayıb. Bildirib ki, ölkənin gələcək inkişafı naminə hər bir vətəndaş öz üzərinə düşən məsuliyyəti dərk etməli, dövlətçilik prinsiplərinə sadiq qalmalı və cəmiyyətin tərəqqisinə töhfə verməlidir.
Sonda Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi, davamlı inkişaf və sabitliyin təmin edilməsi, eləcə də qarşıda duran strateji hədəflərə çatmaq üçün milli həmrəyliyin və birgə səylərin vacibliyi qeyd olunub.
Müxbir - Elcan Məmmədov