Gürcüstanda III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib
Tbilisi, 15 oktyabr, AZƏRTAC
Dövlət vəsaitlərinin istifadəsi ilə bağlı mümkün korrupsiya sxemləri iddialarından sonra Patriarx III Şio Patriarx II İlyanın dəfn xərclərinin auditinin aparılmasını tələb edib.
AZƏRTAC xəbər verir ki, bu dəfə diqqət dəfn mərasiminin təşkili üçün 3 milyon lari alan keçmiş mədəniyyət naziri Tika Ruxadzeyə yönəlib.
Gürcüstanın keçmiş mədəniyyət naziri Tika Ruxadze vəsaitləri mənimsəməkdə və Patriarx II İlyanın dəfn xərcləri ilə bağlı korrupsiya işində iştirak etməkdə şübhəli bilinir.
Gürcüstan Mədəniyyət Sarayının rəhbəri David Okitaşvili Baş Prokurorluğa və Dövlət Audit Xidmətinə müraciət edərək, xərclərin auditini aparmağa və ayrılan vəsaitlərin hara yönəldildiyi barədə məlumatları dərc etməyə çağırıb.
Pirveli TV-yə verdiyi müsahibədə o, Ruxadzeni vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edib və milyonlarla lari məbləğində pulun nəyə xərcləndiyini aydınlaşdırmağı tələb edib.
Hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasından olan deputat Tengiz Şarmanaşvili bildirib ki, prokurorluq Okitaşvilinin iddialarını yoxlamalı, onun hansı dəlillərə sahib olduğunu öyrənməli və əsaslar varsa, keçmiş naziri dindirməlidir. Onun sözlərinə görə, qanunla müəyyən edilmiş prosedurun nəticələrini gözləmək lazımdır.
“Gürcüstan Naminə” partiyanın nümayəndəsi Giga Parulava dövlət vəsaitlərinin mənimsənilməsi ilə bağlı digər iddia olunan halları da qeyd edərək, vəsaitlərin xərclənməsində korrupsiyanın olmasını tamamilə mümkün hesab etdiyini söyləyib. Bununla belə, o, patriarxın dəfn xərcləri ilə bağlı da dəlil təqdim etməyib.
Gürcüstan mediasının məlumatına görə, cari il martın 20-də Maliyyə Nazirliyi II İlyanın dəfn mərasiminin təşkili üçün altı şöbəyə ümumilikdə 5,588 milyon lari ayırıb. Bu məbləğin 3 milyon larisi o dövrdə Ruxadzenin rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi üçün nəzərdə tutulub.