Dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur
Siyəzən, 15 oktyabr, AZƏRTAC
Gənclərin zərərli ideoloji təsirlərdən qorunması, təhsil və maarifləndirmə işinin gücləndirilməsi, dövlətçilik ənənələrinin yaşadılması və milli həmrəyliyin möhkəmləndirilməsi hər kəsin üzərinə mühüm vəzifələr qoyur.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Siyəzən rayonunda Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı proqram xarakterli nitqindən irəli gələn vəzifələrə həsr olunan müşavirədə bildirilib.
Müşavirədə rayon rəhbərliyi, YAP Siyəzən rayon təşkilatının sədri, ağsaqqallar, təhsil işçiləri, şəhid ailələrinin üzvləri, Vətən müharibəsi qaziləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Siyəzən Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov çıxışında Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrin əhəmiyyətindən danışıb. Bildirib ki, dövlət başçısının müəyyən etdiyi prioritetlər Azərbaycanın davamlı inkişafının təmin olunması, dövlət müstəqilliyinin və suverenliyin möhkəmləndirilməsi, milli maraqların qorunması baxımından mühüm əhəmiyyət daşıyır. İcra başçısı vurğulayıb ki, əldə olunmuş tarixi nailiyyətlərin qorunması, qarşıda duran vəzifələrin ardıcıl həyata keçirilməsi və cəmiyyətdə milli-mənəvi dəyərlərin təbliği hər bir dövlət qurumunun və ictimai təşkilatın qarşısında mühüm məsuliyyət qoyur. O, xüsusilə gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasının, onların zərərli ideoloji təsirlərdən qorunmasının, eləcə də maarifləndirmə işinin gücləndirilməsinin vacibliyini qeyd edib. Novruz Novruzov qarşıya qoyulan vəzifələrin icrasında rayonun idarə, müəssisə və təşkilatlarının birgə fəaliyyətinin və ictimai həmrəyliyin mühüm rol oynadığını bildirib.
Siyəzən rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vüsal Alışov, Təhsil sektorunun müdiri Elşad Sultanov, “Siyəzən Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin direktoru Nərgiz Əliyeva və Siyəzən rayon Mədəniyyət Mərkəzinin direktoru Ziyadə Dadaşova çıxışlarında gənclərin vətənpərvərlik ruhunda yetişdirilməsi, milli-mənəvi dəyərlərin qorunması və təbliği, təhsil və maarifləndirmə işinin gücləndirilməsi, eləcə də əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məsələlərinə toxunublar. Onlar dövlət başçısının müəyyən etdiyi strateji hədəflərin həyata keçirilməsində müvafiq sahələr üzrə qarşıya qoyulan vəzifələrin məsuliyyətlə yerinə yetirilməsinin, dövlət qurumları ilə ictimaiyyət arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar.
Siyəzən Rayon Ağsaqqallar Şurasının sədri Qəzənfər Nəcəfov milli-mənəvi dəyərlərin qorunmasında ağsaqqalların üzərinə düşən vəzifələrdən danışıb. O, gənc nəslin düzgün istiqamətləndirilməsində, dövlətçilik ənənələrinin yaşadılmasında və cəmiyyətdə sağlam mənəvi mühitin formalaşdırılmasında ağsaqqalların rolunu qeyd edib.
Şəhid Sadiq Məmmədovun anası Bahar Məmmədova canını Vətən uğrunda qurban vermiş qəhrəmanların xatirəsinin daim uca tutulmasının və onların şərəfli döyüş yolunun gənc nəslə örnək olmasının vacibliyini vurğulayıb.
Müşavirədə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əldə etdiyi nailiyyətlərin qorunması, milli həmrəyliyin möhkəmləndirilməsi, gənclərin zərərli ideoloji təsirlərdən müdafiəsi və dövlətçilik prinsiplərinin təbliği istiqamətində fəaliyyətin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.
Müxbir – Elxan Yusifli