Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib
Qax, 15 oktyabr, AZƏRTAC
Oktyabrın 15-də Qax Rayon Ağsaqqallar Şurasının hesabat-seçki yığıncağı keçirilib.
Tədbirdə Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov, Qax Rayon İcra Hakimiyyətinin rəhbərliyi, ağsaqqallar, şəhid ailələrinin üzvləri, ziyalılar iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ümummilli Lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla anılıb.
Yığıncaq Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndərin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Rayon icra hakimiyyətinin başçısı Elvin Paşayev ölkənin, eləcə də rayonun ictimai-mədəni həyatında ağsaqqalların rolu və nüfuzundan danışıb. Bildirilib ki, bu gün respublika ağsaqqalları ölkənin ictimai-mədəni həyatında mühüm yer tuturlar. Dövlətimizin bugünkü inkişafında onların böyük rolu var. Ağsaqqallar həmişə gənclərə nümunə olmaqla yanaşı, onların vətənpərvərlik ruhunda tərbiyə olunmasında da xüsusi rol oynayır, öz bilik və təcrübələrini gənclərə öyrədirlər. Qeyd olunub ki, öz ziyalıları ilə tanınan Qax rayonunun ağsaqqalları da dövlətimizin, cəmiyyətimizin inkişafına öz sanballı töhfələrini verib, gənclərə hər zaman nümunə olublar.
Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini, professor Vahid Novruzov çıxış edərək Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın inkişafı və qüdrətlənməsi istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən, bu işdə ağsaqqalların böyük rolundan, ölkəmizdə yaşlı nəslin nümayəndələrinə göstərilən yüksək dövlət qayğısından danışıb. Vahid Novruzov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun 44 gün davam edən Vətən müharibəsində qazandığı tarixi Qələbədən bəhs edib, Zəfərlə başa çatan Vətən müharibəsinin dövlətçilik tariximizin ən şanlı səhifələrindən biri olduğunu vurğulayıb. Bildirilib ki, şanlı Zəfərdən sonra bizi sevməyən qüvvələr Qələbəmizə kölgə salmaq üçün müxtəlif təxribatlara əl atır, sabitliyimizi pozmağa cəhd göstərirlər. Lakin xalqımız, o cümlədən ağsaqqallarımız dövlətimizin başçısının ətrafında daha sıx birləşərək, belə məkrli qüvvələrin arzularını gözlərində qoyur, onların pozuculuq fəaliyyətlərinin qarşısı vaxtında və qətiyyətlə alınır.
Şuranın sədr müavini ağsaqqallara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər.
Sonra təşkilati məsələlər müzakirə olunub, Mustafa Dadaşov səsvermə yolu ilə rayon Ağsaqqallar Şurasının yeni sədri seçilib.
Yığıncaqda, həmçinin Şuranın İdarə Heyətinin yeni tərkibi təsdiq olunub.