BDU-da “Sosial Tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası
Bakı, 15 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşəbbüsü ilə icra olunan “Sosial tərəfdaş” layihəsi çərçivəsində məlumatlandırma sessiyası keçirilib.
Bu barədə AZƏRTAC-a Bakı Dövlət Universitetindən bildirilib.
Tədbirdə çıxış edən BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tələbələrin sosial sahədə praktiki bilik və bacarıqlarının artırılmasının, eləcə də həssas qruplarla iş üzrə təcrübə qazanmalarının vacibliyini vurğulayıb.
Universitetin Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev isə bu növ layihələrin “Sosial iş” ixtisası üzrə təhsil alan tələbələrin peşəkar inkişafına və sosial xidmət sahəsindəki hazırlığına verdiyi töhfələrdən bəhs edib.
Sessiya zamanı Sosial Xidmətlər Agentliyinin əməkdaşları tələbələrə layihənin məqsədləri, iştirak şərtləri və təcrübə proqramının üstünlükləri barədə ətraflı məlumat veriblər. Bildirilib ki, proqram çərçivəsində gənclər müxtəlif istiqamətlər üzrə praktiki təcrübə qazanmaq, sosial xidmət sahəsi ilə yaxından tanış olmaq və həssas qruplarla birbaşa işləmək imkanı əldə edəcəklər.
Proqramı uğurla başa vuran iştirakçılara Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən rəsmi sertifikat təqdim olunacaq. Ümumilikdə, bu görüş “Sosial iş” ixtisası üzrə təhsil alan gənclərin gələcək peşə fəaliyyətlərinə və praktiki bacarıqlarının formalaşmasına mühüm dəstək xarakteri daşıyır.