Su təchizatına qoşulmaq üçün müraciət qaydaları açıqlanıb VİDEO
Bakı, 15 oktyabr, AZƏRTAC
Su təchizatına qoşulmaq istəyən vətəndaşlar tələb olunan sənədlərlə “ASAN Kommunal” və “ASAN Xidmət” mərkəzlərinə, eləcə də “mygov” platforması vasitəsilə onlayn müraciət edə bilərlər.
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyindən AZƏRTAC-a bildirilib ki, müraciət zamanı müvafiq sənədlərin tam təqdim edilməsi prosesin daha operativ həyata keçirilməsinə imkan yaradır.
Müraciətlər aidiyyəti üzrə araşdırılır, texniki imkanlar qiymətləndirilir və qoşulma şərtləri müəyyənləşdirilir. Tələb olunan prosedurlar başa çatdıqdan sonra vətəndaşlara su təchizatına qoşulma ilə bağlı növbəti mərhələlər barədə məlumat verilir.
Elektron müraciət imkanının yaradılması vətəndaşların vaxtına qənaət etməyə və xidmətlərdən daha rahat istifadə etməsinə şərait yaradır.
Su təchizatına qoşulma qaydaları barədə ətraflı məlumatı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin təqdim etdiyi videoçarx vasitəsilə əldə etmək mümkündür.