Azərbaycan və Özbəkistan gənclərini birləşdirən təhsil və mədəniyyət körpüləri - ŞƏRH
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycanla Özbəkistan arasında universitetlərarası tərəfdaşlıq və akademik mobillikdən tutmuş birgə media layihələri və mədəniyyət festivallarınadək humanitar əməkdaşlıq getdikcə daha praktik xarakter alır. Bu gün əsas məsələ iki xalqın tarixi və mədəni yaxınlığını gənclərin təhsili, peşəkar inkişafı və beynəlxalq əməkdaşlığı üçün yeni imkanlara necə çevirməkdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Özbəkistan Jurnalistlər İttifaqının üzvü Əzizə Alimova söyləyib.
O bildirib ki, Özbəkistan və Azərbaycanı tarixi əlaqələr, dil və mədəniyyət yaxınlığı, ümumi ədəbi ənənələr və xalqlar arasında çoxəsrlik qarşılıqlı əlaqələr birləşdirir. Lakin müasir şəraitdə bu irsin qorunması təkcə mədəni tədbirlər deyil, həm də gənc nəslin ünsiyyəti, təhsili və birgə fəaliyyəti üçün yeni imkanların yaradılmasını tələb edir. Son illərdə iki ölkənin humanitar gündəliyi daha da şaxələnib. Ənənəvi mədəniyyət günləri və incəsənət festivalları ilə yanaşı, universitetlər arasında əlaqələr inkişaf edir, gənclər forumları keçirilir, elm və jurnalistika sahələrində əməkdaşlıq genişlənir.
"İkitərəfli qarşılıqlı fəaliyyətin ən nəzərəçarpan istiqamətlərindən biri ali təhsil müəssisələri arasında əməkdaşlıqdır. 2025-ci il mayın 28–29-da Əndicanda ali təhsil sahəsində əməkdaşlığın prioritet inkişaf istiqamətlərinə həsr olunmuş Özbəkistan və Azərbaycan Universitet Rektorlarının ilk Forumu keçirilib.
Özbəkistanın Ali Təhsil, Elm və İnnovasiyalar Nazirliyinin məlumatına görə, forumda Özbəkistanın 36 və Azərbaycanın 16 ali təhsil müəssisəsinin nümayəndələri iştirak ediblər. Əməkdaşlığın yekunları üzrə universitetlər arasında 60-dan çox saziş imzalanıb. Bu təşəbbüsün miqyası yalnız institusional baxımdan deyil, həm də başqa cəhətdən əhəmiyyətlidir”, - deyə o qeyd edib.
Əzizə Alimova xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi müsahibəyə əsasən, 2025/2026-cı tədris ilində Azərbaycanda 67 Özbəkistan vətəndaşı, Özbəkistanda isə 176 Azərbaycan vətəndaşı təhsil alıb: “Bu göstəricilər təhsil əlaqələrinin miqyası haqqında təsəvvür yaradır. Bununla belə, nəzərə almaq lazımdır ki, həmin rəqəmlər yalnız akademik mübadilə proqramlarının iştirakçılarını deyil, iki ölkənin təhsil alan vətəndaşlarını əhatə edir. Azərbaycan və Özbəkistan arasında təhsil sahəsində əməkdaşlığın genişlənməsi gənclər üçün yeni imkanlar yaradır. 2025-ci ildə Daşkənddə keçirilən "Study in Azerbaijan" və 2026-cı ildə Bakıda təşkil olunan "Study in Uzbekistan" sərgiləri iki ölkənin universitetləri arasında əlaqələrin möhkəmləndirilməsinə, tələbə mübadiləsinin təşviqinə və təhsil imkanlarının genişləndirilməsinə mühüm töhfə verir. Bu təşəbbüslər gənclərin beynəlxalq təcrübə qazanmasına və gələcək peşəkar inkişafına şərait yaradır".
Özbək jurnalist vurğulayıb ki, 2023-cü və 2025-ci illərdə Azərbaycanda Özbəkistan Mədəniyyəti Günlərinin, 2024-cü ildə isə Özbəkistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi, eləcə də Xivədə "Şuşa Günləri"nin təşkili iki xalq arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir. Bu tədbirlər ortaq irsin tanıdılması ilə yanaşı, birgə incəsənət layihələrinin həyata keçirilməsi və gənc yaradıcıların əməkdaşlığının genişləndirilməsi üçün də yeni imkanlar yaradır.
"Azərbaycan və Özbəkistan arasında media forumları və gənclər tədbirləri informasiya mübadiləsinin genişlənməsinə, peşəkar əlaqələrin möhkəmlənməsinə və birgə layihələrin inkişafına şərait yaradır. 2024–2025-ci illərdə keçirilən media forumları, eləcə də gənclər forumları və konfranslar iki ölkənin gənc nəslini rəqəmsallaşma, süni intellekt, təhsil və innovasiya kimi aktual mövzular ətrafında bir araya gətirir. Bu təşəbbüslərin davamlı nəticə verməsi üçün əldə olunan razılaşmaların konkret layihələrə çevrilməsi və gənclərin birgə fəaliyyətinin dəstəklənməsi vacibdir", - deyə o əlavə edib.