Hadrutda energetiklər üçün təşkil olunan müsabiqənin final turu başlayıb
Xocavənd, 16 oktyabr, AZƏRTAC
Hadrutda “Yeni nəsil energetiklər: Şəbəkənin memarları” ümumrespublika yarışının final turu başlayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, “Azərişıq” ASC tərəfindən təşkil olunan yarışların final turunda 11 komanda iştirak edir.
Regional yarışların qalibi olmuş 11 komanda bu mərhələdə bilik, çeviklik, əsl peşəkarlıq nümayiş etdirəcək. Energetiklər intellektual yarış, praktiki tapşırıqlar və innovasiya müsabiqəsi mərhələləri üzrə mübarizə aparacaqlar. Ümumrespublika Yarışının qalibi Hadrut Qovşaq Yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzində müəyyənləşəcək.
Tədbirin əsas məqsədi energetika sahəsində çalışan mütəxəssislər arasında təcrübə mübadiləsini təşviq etmək, peşəkar həmrəyliyi gücləndirmək və ustalıq səviyyəsini artırmaqdır.
Müxbir - Aydın Yavərzadə