AQEM-in transformasiyası və Azərbaycanın üzərinə düşən tarixi məsuliyyət – ŞƏRH
Bakı, 16 oktyabr, AZƏRTAC
AQEM-in 7-ci Zirvə Toplantısının Bakıda keçirilməsi və Azərbaycanın təşkilata sədrliyinin daha iki il müddətinə uzadılması ölkəmizin beynəlxalq münasibətlər sistemində fəal və konstruktiv aktor kimi mövqeyinin möhkəmləndiyini göstərən mühüm siyasi hadisədir.
Bu, Azərbaycanın yalnız regional deyil, daha geniş beynəlxalq təhlükəsizlik, əməkdaşlıq və yeni dünya nizamının formalaşması proseslərində fəal rol oynadığını bir daha təsdiq edir.
Azərbaycanın AQEM sədrliyi Asiyanın qlobal məsələlərdə rolunun görünməmiş şəkildə artdığı bir dövrə təsadüf edir. Beynəlxalq təhlükəsizlik arxitekturasının və çoxtərəfliliyin ciddi böhran keçirdiyi bir vaxtda dünya əhalisinin və ərazisinin, o cümlədən kritik resurslarının yarıdan çoxunu əhatə edən bir coğrafiyada qarşılıqlı fəaliyyəti və etimadı təmin etmək kimi mühüm missiyanın Azərbaycana növbəti iki il üçün də həvalə edilməsi həm qürurvericidir, həm də çox böyük məsuliyyətdir.
Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azay Quliyev söyləyib.
"Təəssüf ki, AQEM-ə üzv olan ölkələrin bir qismi dünyada mövcud olan ən qaynar münaqişələrdə iştirak edir və ya bu münaqişələrə cəlb olunub. Hindistan–Pakistan, Pakistan–Əfqanıstan, İsrail–İran, İsrail–Fələstin, İran–Körfəz ölkələri, Rusiya–Ukrayna münaqişələrinin adlarını çəkmək kifayətdir ki, ölkəmizin üzərinə düşən məsuliyyətin miqyasını bir daha təsəvvür edək.
Bu məsuliyyətin Azərbaycana həvalə edilməsinin əsas səbəblərindən biri, Prezident İlham Əliyevin Zirvə Toplantısında vurğuladığı kimi, ölkəmizin coğrafi baxımdan Asiya ilə Avropanın kəsişməsində yerləşməsi və Avrasiya məkanında birləşdirici mərkəz kimi getdikcə daha böyük rol oynamasıdır.
Digər mühüm amil isə AQEM-in hazırda ciddi transformasiya mərhələsində olmasıdır. Qurum 2022-ci ildə beynəlxalq təşkilata transformasiya edilməsi haqqında qərar qəbul edib. 2024-cü ildə Azərbaycanın ilk sədrliyi dövründə AQEM-in dialoq platformasından tamhüquqlu beynəlxalq təşkilata çevrilməsi üçün bir sıra hazırlıq işləri həyata keçirilib və 2025-ci ildə Nizamnamə layihəsi hazırlanaraq üzv ölkələrə təqdim edilib.

AQEM Nizamnamənin qəbul edilməsi təklif olunur
Azərbaycanın qurucu, müxtəlif və bir-birinə zidd mövqeləri uzlaşdırmaq təcrübəsi və potensialı nəzərə alınaraq, bu mühüm keçid mərhələsinin başa çatdırılması da ölkəmizə həvalə olundu.
Bu, məntiqli siyasi seçimdir. Çünki Azərbaycan əldə edilmiş irəliləyişləri nəzərə alaraq, bütün üzv dövlətlərin mövqelərinin müxtəlifliyinə hörmət etməklə transformasiya prosesini mərhələli, üzv dövlətlərin təşəbbüsü və iştirakı ilə, konsensus əsasında davam etdirəcək.
Bunun üçün, ilk növbədə, hüquqi baxımdan məcburi xarakter daşıyan təsis sənədinin – Nizamnamənin qəbul edilməsi lazımdır. Bununla AQEM daha aydın hüquqi bazaya, güclü institusional struktura, effektiv qərar qəbuletmə mexanizmlərinə və dayanıqlı fəaliyyət modelinə malik olacaq",- deyə A. Quliyev vurğulayıb.
Deputat qeyd edib ki, Nizamnamədə beynəlxalq hüququn və dövlətlərarası münasibətlərin əsas götürdüyü başlıca prinsiplər öz əksini tapacaq. Bu prinsiplərin əsaslarını Prezident İlham Əliyev öz çıxışında qeyd etdi. Sitat: “Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir. Azərbaycan dövlətlərarası münaqişələrin həlli məsələsində ikili standartların və seçici yanaşmaların tətbiqi ilə bağlı zərərli praktikaya qarşı fəal və əsaslandırılmış şəkildə çıxış edir”.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Müşavirəsinin təməl prinsiplərini təşkil edən Helsinki Yekun Aktında yol verilmiş boşluqlar nəzərə alınmaqla, çağdaş dünyamızın çağırışlarına və tələblərinə uyğun daha Nizamnamədə işlək mexanizmlər və prinsiplər əks olunacaq.
Bu çərçivədə Asiyada və dünyada mövcud münaqişələrin həlli, yeni münaqişələrin vaxtında qarşısının alınması üçün preventiv mexanizmlərin və institutların yaradılması mümkün olacaq.
"Çoxqütblülüyün və çoxtərəfliliyin əsas prinsiplərinin möhkəmləndirilməsi, qərar qəbuletmədə konsensus prinsipinin gücləndirilməsi də bu prosesin mühüm istiqamətlərindəndir.
Nüfuzlu təşkilata çevrilməsi üçün AQEM çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsi, bağlantıların funksionallığının artırılması, gənclər və qadınlarla bağlı qurumların yaradılması istiqamətində son iki ildə Azərbaycan çox böyük işlər görüb. Qarşıda duran ikiillik sədrliyimiz dövründə isə qurumun parlament ölçüsünün gücləndirilməsi istiqamətində mühüm addımlar atılacaq.
Azərbaycan sədrliyi könüllülük əsasında həyata keçirilən mövcud etimad tədbirlərinin müsbət təcrübəsinə əsaslanaraq onların səmərəliliyini və təsir gücünü artırmağa üstünlük verəcək.
Hesab edirəm ki, AQEM sədrliyinin daha iki il müddətinə uzadılması da Azərbaycanın artan nüfuzunun və ölkəmizə göstərilən yüksək etimadın göstəricisidir.
Ən azı Asiyada yeni təhlükəsizlik arxitekturasının formalaşdırılması istiqamətində Azərbaycan bütün üzv dövlətlərlə səmimi, açıq və nəticəyönümlü əməkdaşlığa hazırdır.
Bu yanaşma regional təhlükəsizliyin möhkəmləndirilməsi ilə yanaşı, Qlobal Cənubla Qlobal Şimal arasında qarşılıqlı anlaşmanın inkişafına və beynəlxalq çağırışların həllində daha geniş əməkdaşlığın formalaşmasına töhfə verə bilər.
Prezident İlham Əliyevin vurğuladığı kimi, dünya yeni dünya nizamının formalaşması mərhələsindən keçir və Azərbaycan orta güc statusuna malik fəal dövlət kimi bu prosesdə öz rolunu daha da gücləndirməlidir",- deyə o əlavə edib.