Türk nazir: İstanbul tarixinin ən böyük sel fəlakətlərindən birini yaşadı
İstanbul, 16 oktyabr, AZƏRTAC
Türkiyədə güclü leysanın səbəb olduğu sel və daşqınların fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir.
AZƏRTAC xəbər verir ki, təbii fəlakət nəticəsində şəhərin bir sıra ərazilərində infrastruktura ziyan dəyib, torpaq sürüşmələri baş verib. Selin fəsadlarının aradan qaldırılması, infrastrukturun bərpası və təhlükəsizliyin təmin olunması istiqamətində aidiyyəti qurumlar səfərbər edilib.
Bununla bağlı açıqlama verən Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum bildirib ki, dünyada baş verən iqlim dəyişmələri Türkiyəyə də təsir göstərir.
Nazir İstanbulda güclü leysan nəticəsində baş verən selin şəhərin infrastrukturunun yenilənməsinin vacibliyini bir daha gündəmə gətirdiyini vurğulayıb. Onun sözlərinə görə, seldən ən çox zərər çəkən ərazilərdən biri Sarıyer rayonunun Ayazağa məhəlləsidir.
Murat Kurum qeyd edib ki, selin fəsadları aradan qaldırıldıqdan sonra ərazidə infrastrukturun yenilənməsi əsas prioritetlərdən biri olacaq. Hazırda bu istiqamətdə müvafiq işlərin görülməsi üçün Türkiyənin aidiyyəti qurumları səfərbər edilib.
Nazir İstanbulda baş verən seli şəhərin tarixindəki ən böyük təbii fəlakətlərdən biri kimi qiymətləndirib.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi isə bildirib ki, əlverişsiz hava şəraiti ilə əlaqədar ölkənin 50-dən çox vilayətində xəbərdarlıq elan edilib.
Onun sözlərinə görə, İstanbulda 4 nəfərin axtarışları davam etdirilir. Ölkə üzrə 46 min nəfər təhlükəsiz ərazilərə təxliyə olunub, axtarış-xilasetmə işlərinə isə 60 minə yaxın əməkdaş cəlb edilib.