Diaspor nümayəndəsi: Azərbaycanda təhsil almış laoslular ölkəmizi böyük sevgi ilə xatırlayırlar
Bakı, 16 oktyabr, AZƏRTAC
Azərbaycan ilə Laos arasında diplomatik münasibətlərin tarixi ilə yanaşı, iki xalqı birləşdirən mühüm mənəvi bağlar da mövcuddur. Sovet dövründə Azərbaycanda təhsil almış laosluların xatirələri, mədəniyyətimizə və ölkəmizə münasibətləri bu əlaqələrin qorunmasında xüsusi rol oynayır. Bu gün isə qarşılıqlı marağın artırılması, iqtisadi və turizm əlaqələrinin genişləndirilməsi, həmçinin nəqliyyat-logistika imkanlarından səmərəli istifadə ikitərəfli münasibətlərin inkişafı üçün yeni perspektivlər yaradır.
Laosda yaşayan azərbaycanlıların ölkəmizin tanıdılması, milli mədəniyyətimizin təbliği və xalqlar arasında qarşılıqlı anlaşmanın gücləndirilməsi istiqamətində fəaliyyəti də bu baxımdan əhəmiyyətlidir. Laosda yaşayan azərbaycanlı müəllim Ruhid Rəcəbsoy AZƏRTAC-ın müxbiri ilə söhbətində iki ölkə arasında tarixi əlaqələr, əməkdaşlıq imkanları, humanitar sahədə təcrübə mübadiləsi və diasporun rolu barədə danışıb.
- Laosda Azərbaycan haqqında ictimai təsəvvür necə formalaşıb? Yerli cəmiyyətin ölkəmizə marağını və Azərbaycan haqqında məlumatlılığını artırmaq baxımından diaspor nümayəndələri hansı imkanlara malikdirlər?
- Mən 2021-ci ildə müəllim kimi işləmək üçün Laosa gəlmişəm. Doğrusu, bu ölkəyə gəldiyim zaman tanış olduğum insanların heç biri Azərbaycan haqqında məlumata malik deyildi. Ölkəmizi tanıtmaq üçün onu ya Türkiyənin qonşusu, ya da keçmiş sovet respublikalarından biri kimi təqdim etməyə çalışırdım. Buna görə də imkanım daxilində hər kəsə Azərbaycan haqqında məlumat verməyə səy göstərirdim.
Ümumiyyətlə, Laos dünyada azərbaycanlıların sayının ən az olduğu ölkələrdən biridir. Burada iki-üç azərbaycanlı ailənin yaşadığını desəm, yanılmaram. Buna baxmayaraq, Azərbaycanı, xüsusilə də gənc nəslə tanıtmaq üçün əlimizdən gələni edirik. Məktəbimizdə mədəniyyət günləri təşkil olunarkən, imkanlarımız məhdud olsa da, ölkəmizi layiqincə təmsil etməyə çalışırıq. Bundan əlavə, laoslu dostlarımızı evimizə dəvət edərək onları milli mətbəximiz, adət-ənənələrimiz və mədəniyyətimizlə tanış edirik.
- Sovet dövründə minlərlə laoslu tələbənin Azərbaycanda təhsil alması iki xalq arasında mühüm tarixi bağ yaradıb. Bu əlaqələrin bugünkü münasibətlərdə təsirini hiss etmək mümkündürmü və vaxtilə Azərbaycanda təhsil almış laosluların təcrübəsi yeni nəsillər arasında əməkdaşlığın inkişafına necə töhfə verə bilər?
- İki il əvvəl səfirimiz Şövqi Mehdizadənin dəvəti ilə vaxtilə, sovet dövründə Azərbaycanın ali təhsil müəssisələrində təhsil almış laosluların iştirak etdiyi tədbirə qatıldım. Açığı, həmin vaxta qədər ölkəmizdə təhsil almış laosluların olduğunu bilmirdim. Tədbirə gəldikdə məni Azərbaycan dilində salamlayan və mehribanlıqla qarşılayan çoxsaylı laoslu ilə rastlaşmaq həm təəccübümə, həm də qüruruma səbəb oldu.
Təxminən 60 nəfər yaşlı laoslu ilə tanış oldum. Onlar məni böyük səmimiyyətlə qarşıladılar. Sanki uzun illər sonra Azərbaycanda təhsil aldıqları dövrdəki tələbə yoldaşları ilə yenidən görüşürdülər. Laosun dövlət qurumlarında çalışan bu şəxslər Azərbaycan haqqında böyük sevgi və rəğbətlə danışırdılar. Adət-ənənələrimizin və qonaqpərvərliyimizin onların yaddaşında necə dərin iz buraxdığını, milli mətbəximizin və musiqimizin isə xatirələrində necə xoş təəssürat yaratdığını dinləmək məni heyrətləndirirdi.
Düşünürəm ki, dövlətimizin dəstəyi ilə, - bunu hər zaman hiss edirik, - bu cür tədbirlərin daha çox keçirilməsi və gənclərin də dəvət olunması gələcəkdə Azərbaycanla Laos arasında mədəni əlaqələrin inkişafına mühüm töhfə verə bilər.

- Azərbaycanla Laos arasında kənd təsərrüfatı, energetika, turizm və digər sahələrdə əməkdaşlıq üçün hansı real imkanlar mövcuddur? Laosda yaşayan biri kimi, iki ölkənin biznes dairələri arasında əlaqələrin genişlənməsinə mane olan əsas amilləri və onların aradan qaldırılması yollarını necə qiymətləndirirsiniz?
- Laos çəltik, qəhvə və qiymətli ağac ehtiyatları ilə zəngin ölkədir. Eyni zamanda, turizm də ölkə iqtisadiyyatının mühüm sahələrindən biridir. Son dövrlərdə Azərbaycanda Cənub-Şərqi Asiya ölkələrinə maraq artmağa başlayıb. Bununla belə, nəqliyyat imkanları və coğrafi məsafə Azərbaycanla Laos arasında həm iqtisadi, həm də turizm sahələrində əməkdaşlığın inkişafına müəyyən çətinliklər yaradır.
Məsafənin uzaq olması əməkdaşlıq üçün maneə deyil, lakin iki ölkə arasında birbaşa aviareyslərin olmaması əlaqələrin inkişafını ləngidir. Heç olmasa, Laosun qonşu ölkələri olan Tailand, Vyetnam və Kambocaya birbaşa uçuşların təşkili səfərləri xeyli asanlaşdıra bilər.
Dövlətimizin həyata keçirdiyi xarici siyasət nəticəsində bu ilin əvvəlindən Azərbaycan vətəndaşları üçün Çinə vizasız səfər imkanı yaradılıb. Bu imkan Cənub-Şərqi Asiya ölkələrinə, o cümlədən Laosa səfərləri asanlaşdırmaq və ölkələrimiz arasında əlaqələri genişləndirmək baxımından əhəmiyyətlidir. Bununla belə, Çinin böyük ərazisi səbəbindən bu istiqamətdə səfərlər zamanı ölkə daxilində bir neçə tranzit dayanacağına ehtiyac yarana bilər. Birbaşa uçuşların və ya Laosun qonşu ölkələrinə birbaşa aviareyslərin təşkili Azərbaycanla Laos arasında iqtisadi və siyasi əlaqələrin daha da möhkəmlənməsinə töhfə verə bilər.
- Azərbaycan Orta Dəhlizin, Laos isə Cənub-Şərqi Asiyada regional nəqliyyat bağlantılarının inkişafında maraqlı ölkələrdir. Bu istiqamətlərdəki təcrübə və prioritetlər iki ölkə arasında iqtisadi əməkdaşlıq üçün hansı yeni perspektivlər yarada bilər?
- Hər iki ölkə coğrafi baxımdan əlverişli mövqedə yerləşir. Laosun okeana birbaşa çıxışı olmasa da, bir neçə ölkə arasında mühüm tranzit dəhlizi rolunu oynayır. Son illərdə Laosun inkişafı sürətlənib, ölkənin infrastrukturu yenilənir, qonşu dövlətlər tərəfindən investisiyalar yatırılır, yeni iş yerləri yaradılır, dəmir yolu infrastrukturu, o cümlədən sürətli qatar xətləri inkişaf etdirilir.
Düşünürəm ki, Azərbaycanla Laos arasında siyasi əlaqələr genişləndikcə, hər iki ölkə öz təcrübəsini bölüşmək və qarşılıqlı əməkdaşlığı gücləndirmək imkanları əldə edəcək. Bu, ölkələrimizin müxtəlif sahələrdə inkişafına və ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə töhfə verə bilər.

- Azərbaycanın işğaldan azad edilmiş ərazilərində mina təhlükəsi, Laosun isə partlamamış hərbi sursatlarla bağlı uzunmüddətli problemi var. Bu fərqli, lakin insan həyatı və ərazilərin təhlükəsizliyi baxımından ciddi əhəmiyyət daşıyan təcrübələr arasında məlumat və bilik mübadiləsi üçün hansı imkanları görürsünüz?
- Bu baxımdan, Laosun müəyyən təcrübəsi Azərbaycanın da maraq göstərə biləcəyi istiqamətlərdən biri hesab oluna bilər. 1964-1973-cü illərdə baş vermiş müharibə zamanı Laos ərazisinə 270 milyondan çox bomba atılıb. Onların təxminən 80 milyonu partlamamış vəziyyətdə qalıb. Bu gün də həmin partlamamış sursatlar ölkənin geniş ərazilərində ciddi təhlükə yaratmaqda davam edir. Laos uzun illərdir bu problemin aradan qaldırılması istiqamətində mübarizə aparır.
Düşünürəm ki, Laosun partlamamış hərbi sursatların zərərsizləşdirilməsi sahəsində topladığı təcrübə Azərbaycan üçün də faydalı ola bilər. Birinci və İkinci Qarabağ müharibələri zamanı Azərbaycan ərazilərində basdırılmış minaların və digər partlamamış hərbi sursatların zərərsizləşdirilməsi istiqamətində iki ölkə arasında təcrübə mübadiləsi və əməkdaşlıq genişləndirilə bilər. Bu sahədə qarşılıqlı dəstək həm işğaldan azad edilmiş ərazilərin təhlükəsizliyinin təmin olunmasına, həm də mülki əhalinin həyat və sağlamlığının qorunmasına töhfə verə bilər.
- Laosda yaşayan azərbaycanlılar yerli cəmiyyətə inteqrasiya, milli kimliyin qorunması və iki ölkə arasında əlaqələrin inkişafı baxımından hansı işləri görə bilirlər? Sizcə, diasporun fəaliyyəti gələcəkdə Azərbaycan-Laos münasibətlərinə daha sistemli töhfə vermək üçün hansı istiqamətlərdə genişləndirilməlidir?
- Əvvəl də vurğuladığım kimi, Laosda az sayda azərbaycanlı yaşayır. Bir azərbaycanlı kimi ölkəmizi burada layiqincə təmsil etməkdən qürur duyuruq. Müxtəlif tədbirlər çərçivəsində milli geyimlərimizi, musiqimizi və mətbəximizi təqdim etməyə çalışırıq. Bu təqdimatlar təkcə laosluların deyil, Laosda yaşayan digər xalqların nümayəndələrinin də marağına səbəb olur.
Əlbəttə, biz yaxşı başa düşürük ki, sayımız az olsa da, ölkəmizi layiqincə təmsil etmək, milli mədəniyyətimizi tanıtmaq hər birimizin, ilk növbədə, vətəndaşlıq borcudur. Diaspor təşkilatlarının da imkanları daxilində bizə dəstək göstərməsi, fəaliyyətimizdə yanımızda olması dövlətimizin dünyanın harasında yaşamasından asılı olmayaraq, öz vətəndaşlarına sahib çıxmasının bariz nümunəsidir.
Müxbir – Ceyhun Xəlilov