Fuad Muradov: Azərbaycanın diaspor sahəsindəki müstəqil siyasəti öz bəhrəsini verir
Ankara, 8 sentyabr, AZƏRTAC
Azərbaycanın diaspor sahəsindəki müstəqil siyasəti öz bəhrəsini verməkdədir.
Bunu Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Ankarada keçirilən İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin müsəlman diasporlarının I Forumu çərçivəsində AZƏRTAC-a müsahibəsində bildirib.
O qeyd edib ki, Komitə müxtəlif ölkələrdə fəaliyyət göstərən diaspor qurumları ilə sıx əməkdaşlıq edir və bu günə qədər Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrlə ikitərəfli sazişlər imzalayıb. Meksika ilə də diaspor sahəsində Memorandum imzalandığını xatırladan Komitə sədri oxşar sənədlərin bir neçə ölkə ilə də müzakirə olunduğunu qeyd deyib.
Türkiyənin Xaricdəki Türklər və Qohum İcmalar Baş İdarəsi (YTB) ilə bu gün imzalanan əməkdaşlığa dair Memorandumu misal göstərən F.Muradov əlavə edib: “Bu sənəd yeni sahələri əhatə edir. Belə ki, YTB-nin təqaüd proqramında xaricdə yaşayan soydaşlarımıza xüsusi yanaşma mövcuddur. Diaspor Komitəsinin rəyi ilə bu gənclər təqaüd ala bilirlər. Digər ölkələrlə də bizim konkret əməkdaşlıq istiqamətlərimiz müəyyən olunub və bu sahələr memorandumlarla öz əksini tapır”.
Forum çərçivəsində pakistanlı federal nazir Çaudhry Salik Hussain ilə görüşdüyünü qeyd edən F.Muradov iki ölkədə çox sayda oxşar proqramın mövcud olduğunu ifadə edib. “Hesab edirəm ki, perspektiv baxımından birgə fəaliyyət labüddür. Bu, ilk növbədə, təcrübə mübadiləsi deməkdir. Həmçinin bizimlə əməkdaşlıq edən dövlətlərin diaspor qurumları soydaşlarımızın sayının az olduğu ölkələrdə Azərbaycan üçün vacib olan məsələlərdə öz sözlərini deyəcəklər. Bununla yanaşı, elə layihələr var ki, onların həyata keçirilməsi üçün beynəlxalq təcrübə lazımdır. Coğrafi yanaşmadan çox, bizim üçün ölkələrin diaspor sahəsindəki bilik və təcrübəsi əsasdır”, - dəyə Komitə sədri bildirib.
Hazırda dünyada 70-dən çox ölkədə diasporla məşğul olan strukturların fəaliyyət göstərdiyini bildirən F.Muradov deyib: “Biz həmin ölkələrlə görüşlər keçirir, əməkdaşlıq perspektivlərini müzakirə edirik. Bu yaxınlarda dünyanın ən güclü diasporlarından birinə sahib İrlandiyada səfərdə oldum. Bu istiqamətdə səylərimizi davam etdirəcəyik”.
Türkiyə ilə əməkdaşlığa da toxunan Komitə sədri qardaş ölkənin müxtəlif vilayətlərində soydaşlarımızla çoxsaylı görüşlər keçirdiyini xatırladıb. O bildirib ki, Prezident İlham Əliyevin tapşırığına və Nazirlər Kabinetinin qərarına uyğun olaraq hər il Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə Azərbaycandan humanitar yardım göndərilir.
O, həmçinin Türkiyədə sənədsiz yaşayan azərbaycanlıların problemlərinin həlli istiqamətində iş aparıldığını və artıq 10 mindən çox soydaşımıza müvafiq sənədlərin verildiyini bildirib.