Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində yeni tədris ili başlayıb
Bakı, 8 sentyabr, AZƏRTAC
Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən Xarı-Bülbül Azərbaycan Mədəniyyət Evində 2026-2027-ci tədris ilinə start verilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, tədris proqramı çərçivəsində uşaqlar üçün Azərbaycan dili, milli rəqs və nağara dərsləri keçirilir. Eyni zamanda, uşaqlar Azərbaycan ədəbiyyatı, tarixi, milli adət-ənənələri və mədəni dəyərləri ilə yaxından tanış olurlar.
Mədəniyyət Evinin fəaliyyəti tədrislə məhdudlaşmır. İl ərzində milli bayramlar, əlamətdar və tarixi günlərlə əlaqədar müxtəlif mədəni tədbirlər, proqramlar və təqdimatlar keçirilir. Bu təşəbbüslər uşaqların əldə etdikləri bilikləri nümayiş etdirməsinə, milli dəyərləri daha yaxından mənimsəməsinə, həmçinin Berlində yaşayan soydaşlarımız arasında birlik və həmrəyliyin möhkəmlənməsinə xidmət edir. Burada yaradılan mühit uşaqların ana dilində ünsiyyət qurmasına, həmyaşıdları ilə dostluq əlaqələri yaratmasına və milli kimliklərini daha dərindən dərk etməsinə imkan verir.