Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir
Nyu-York, 28 sentyabr, AZƏRTAC
Qayıdış hüququ yalnız insanların öz doğma yurdlarına fiziki qayıdışı deyil, həm də onların öz gələcəklərini müəyyən etmək imkanının bərpasıdır.
AZƏRTAC xəbər verir ki, bunu Kanadada fəaliyyət göstərən “Sikh Federation International” təşkilatının hüquq məsələləri üzrə müşaviri Prabjot Sinq Virrinq BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən “Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” mövzusunda beynəlxalq konfrans çərçivəsində təşkil olunan “Dekolonizasiya və beynəlxalq hüquq kontekstində qayıdış hüququ” adlı panel müzakirəsində deyib.
“Qayıdış, ilk növbədə, insanların öz gələcəklərini müəyyən etmək imkanına sahib olması deməkdir. İnsanlar öz yurdlarının siyasi gələcəyini müəyyən etmək hüququndan məhrum edildikləri halda, ora mənalı şəkildə qayıda bilməzlər. Qayıdış hüququ ilə öz müqəddəratını təyinetmə hüququ bir-biri ilə sıx bağlıdır”, - deyə o bildirib.
Prabjot Sinq Virrinq qeyd edib ki, qayıdış hüququ həm fərdi, həm də kollektiv xarakter daşıyır: “Bu, müqəddəs məkanlarımızı ziyarət etmək, ata-baba yurdumuzla yenidən əlaqə qurmaq, ailələrimiz və icmalarımızla mədəni bağlarımızı qorumaq və təqib təhlükəsi olmadan doğma yurdumuzun həyatında iştirak etmək deməkdir”.
O vurğulayıb ki, öz müqəddəratını təyinetmə hüququ ayrı-ayrı xalqlarla məhdudlaşmamalı, universal prinsip kimi bütün xalqlara şamil edilməlidir.