Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir
Bakı, 28 sentyabr, AZƏRTAC
Palçıq Vulkanları Turizm Kompleksini dünyanın müxtəlif ölkələrindən turistlər ziyarət edir. Son vaxtlar kompleksə ən çox İsrail, Türkiyə, Rusiya və Çindən gələn turistlərin maraq göstərdiyini müşahidə edirik. Onlar həm palçıq vulkanlarının yaratdığı təbiət mənzərələri, həm də ərazidə fəaliyyət göstərən muzeylərlə yaxından tanış olmaq istəyirlər.
Bunu AZƏRTAC-a açıqlamasında “Palçıq Vulkanları Turizm Kompleksi”nin bələdçisi Sevinc Hacıyeva deyib.
O bildirib ki, turistlərin böyük maraq göstərdiyi məkanlardan biri də Təbiət Tarixi Muzeyidir. Burada müxtəlif heyvan növlərinə aid eksponatlar, xüsusilə skeletlər ziyarətçilərin diqqətini cəlb edir. Muzeydə ümumilikdə minə yaxın eksponat nümayiş olunur. Onların təxminən 80 faizi Azərbaycana, 20 faizi isə dünyanın digər ölkələrinə aiddir.
“Muzeydə nümayiş etdirilən bütün skeletlər realdır. Eksponatlar arasında yaşı 75 min ilə çatan nümunələr də var. Bu da ziyarətçilərin qədim dövrlərin canlı aləmi haqqında daha ətraflı məlumat əldə etməsinə imkan yaradır. Xüsusilə xarici turistlər bu eksponatlarla maraqlanır, onların tarixi və mənşəyi barədə geniş məlumat alırlar”, - deyə o qeyd edib.