İşğaldan azad edilmiş ərazilərə köçürülən vətəndaşlardan 11 min 937 nəfərinin məşğulluğu təmin olunub
Bakı, 28 sentyabr, AZƏRTAC
Doğma yurdlarına qayıdan sakinlərdən iqtisadi fəal olanların ötən dövrdə artıq 11 min 937 nəfərinin məşğulluğu təmin edilib. Onlardan 8056 nəfəri vakansiyalar üzrə münasib işlərlə təmin olunub, 1051 nəfər isə özünüməşğulluq proqramına cəlb edilərək, mal və materiallarla təmin olunmaqla kiçik ailə təsərrüfatlarını qurublar. Ümumilikdə 8400-dən çox ixtisassız şəxs isə təlimlərə cəlb edilib.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Böyük Qayıdış Proqramına uyğun olaraq nazirlik tərəfindən işğaldan azad edilmiş ərazilərdə əhalinin dayanıqlı məşğulluğunun təmin olması istiqamətində mütəmadi tədbirlər həyata keçirilir. Sakinlər hələ köçürülməzdən əvvəl nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfindən onlarla məşğulluq imkanlarının qiymətləndirilməsi üçün görüşlər təşkil edilir.
Qeyd olunub ki, məşğulluğun təminatında əmək yarmarkaları da əhəmiyyətli rola malikdir və ötən dövrdə Qarabağda və Şərqi Zəngəzurda 44 əmək yarmarkası keçirilib. Bu aktiv məşğulluq tədbirlərində sakinlərə ərazidəki mövcud vakansiyalar təqdim edilməklə, onlar əmək bacarıqlarına uyğun vakansiyalar üzrə işlə təmin olunurlar.
Müxbir - Nailə Həsənova