® Yerli ekspertiza Azərbaycanın investisiya cəlbediciliyinin hərəkətverici qüvvəsi kimi
Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Qeyri-maddi kapital birbaşa xarici investisiyaların hərəkətverici qüvvəsi kimi: yerli ekspertiza inkişaf etməkdə olan bazarların yeni valyutasıdır” mövzusunda panel müzakirəsi keçirilib.
Tədbirdə SOCAR-ın Enerji Keçidi, Ətraf Mühit və Dekarbonizasiya məsələləri üzrə vitse-prezidentinin müavini Hikmət Abdullayev, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktorunun müşaviri Sevil Yəhyayeva, “tpe” şirkətinin icraçı direktoru Rüstəm İsmayılov, PÖRNER şirkətinin Şərqi Avropa və MDB ölkələri üzrə satış direktoru Albert Traksler, KPMG Azərbaycanın idarəedici partnyoru, KPMG Azərbaycanın Qafqaz və Mərkəzi Asiya üzrə İnfrastruktur istiqamətinin rəhbəri Vitali Yakovlev, həmçinin “Caspian Business Hub” layihəsinin rəhbəri Nərmin Cəfərova iştirak ediblər.
Panel iştirakçıları Azərbaycanın iqtisadi inkişafı üçün ən mühüm məsələlərdən birini müzakirə ediblər – xarici investisiyaları ayrı-ayrı layihələrin maliyyələşmə mənbəyindən yerli kompetensiyaların, sənaye kooperasiyasının və yeni ixrac imkanlarının formalaşdırılması alətinə necə çevirmək olar. Ekspertlərin fikrincə, əsas əhəmiyyət təkcə cəlb olunan kapitalın həcminə deyil, həm də onun uzunmüddətli investisiya effekti yaratmaq qabiliyyətinə məxsusdur. Söhbət texnologiyaların ötürülməsindən, mühəndislik kompetensiyalarının inkişafından, yerli təchizat zəncirinin formalaşdırılmasından, beynəlxalq standartların tətbiqindən və yeni ixrac imkanlarının yaranmasından gedir.
Azərbaycan onilliklər ərzində, ilk növbədə enerji sektorunda, xarici investisiyalar üçün mühüm istiqamətlərdən biri olaraq qalır. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin qlobal enerji sisteminə inteqrasiyasına mühüm töhfə verib. Lakin neft-qaz sektorundan kənarda bu kapital axını müqayisə edilə biləcək səviyyədə yerli ekspertizanın formalaşmasına gətirib çıxarmayıb.
Müzakirə iştirakçıları razılaşıblar ki, Azərbaycanın qarşısında duran əsas vəzifə investisiya layihəsinin iqtisadiyyat daxilində yeni dəyər yaratma zəncirinin başlanğıcına çevrilməsi üçün şərait yaratmaqdır.
Mərkəzi Asiyanı, Xəzər regionunu, Azərbaycanı, Gürcüstanı, Türkiyəni və Avropanı birləşdirən Orta Dəhlizin inkişafı fonunda ölkə qarşısında sənaye kooperasiyası, logistika, istehsal və ixrac sahələrində yeni imkanlar açılır. Lakin müzakirə iştirakçılarının fikrincə, tranzit potensialı öz-özlüyündə sənaye əlavə dəyərinin yaranmasına zəmanət vermir. Burada əsas rol investisiyaları uzunmüddətli kompetensiyalara və yerli istehsal zəncirlərinə çevirmək bacarığına məxsusdur.
Layihə üçün gəlmək, ekosistem naminə qalmaq
Sessiyada investorlar üçün ekosistemin formalaşdırılmasında milli şirkətlərin və dövlətin roluna xüsusi diqqət ayrılıb. Xüsusilə iri sifarişçilərin texnologiyalara tələbat yaratmaqda, yerli təchizatçıların inkişafına təkan verməkdə və milli mütəxəssislərin hazırlanması üçün şərait formalaşdırmaqda rolu müzakirə olunub.
SOCAR-ın Enerji Keçidi, Ətraf Mühit və Dekarbonizasiya məsələləri üzrə vitse-prezidentinin müavini Hikmət Abdullayev bildirib ki, beynəlxalq tərəfdaşlıq texnologiya və kompetensiyaların ölkə daxilində saxlanmasını təmin etməlidir. Hazırda şirkət metan emissiyalarının ölçülməsi və azaldılması, eləcə də Xəzər regionunun ekoloji reabilitasiyası sahəsində beynəlxalq əməkdaşlığı inkişaf etdirir. Şirkətin əsas prinsipi beynəlxalq tərəfdaşları yalnız ayrı-ayrı layihələrin icrası üçün deyil, həm də metodologiyaların, texnologiyaların və ekspertizanın azərbaycanlı mütəxəssislərə ötürülməsi məqsədilə cəlb etməkdir.
“Bizə gəlib işi bizim əvəzimizə görən tərəfdaş lazım deyil. Bizə elə tərəfdaş lazımdır ki, bunu bir dəfə bizimlə birlikdə etsin və ikinci dəfə biz artıq bunu müstəqil şəkildə həyata keçirə bilək. Metodologiya, texnologiya və ekspertiza ölkədə qalmalıdır. O zaman belə hər bir layihə birdəfəlik xidmət deyil, Azərbaycanın uzunmüddətli texnoloji aktivinə çevrilir”, – deyə Hikmət Abdullayev bildirib.
Ekspertizanın lokallaşdırılmasına praktik baxışı Azərbaycanda 30 ildən artıq fəaliyyət göstərən PÖRNER şirkətinin Şərqi Avropa və MDB ölkələri üzrə satış direktoru Albert Traksler təqdim edib. Onun fikrincə, fayda yalnız xarici şirkətin ölkədə fəaliyyət göstərməsindən yaranmır. Əsl dəyər yerli biznes həmin şirkətin real istehsal zəncirinə qoşulduqda, keyfiyyətə, müddətlərə, mühəndislik intizamına və idarəetməyə daha yüksək tələblərlə qarşılaşdıqda formalaşır. Məhz bu zaman yerli biznes həmin tələbatla birlikdə inkişaf etməyə məcbur olur.
“Əgər SOCAR ilə layihəmizə yalnız avadanlığın dəyəri prizmasından baxsaq, investisiyanın yalnız bir hissəsini görərik. PÖRNER-in real təklifi lisenziyanı, pilot sınaqları, mühəndislik işlərini, əsas avadanlığın satın alınmasını və təchizatını, tikintiyə nəzarəti, istismara verilməyə dəstəyi, personalın təlimini və texniki sənədləşməni əhatə edirdi. Zavodu görmək olar. Avadanlığı balansda əks etdirmək olar. Lakin sənaye layihəsinin uzunmüddətli dəyərinin əhəmiyyətli hissəsi görünməzdir: texnologiya, mühəndislik həlləri, standartlar, proseslər, diaqnostika təcrübəsi və ən əsası, layihə başa çatdıqdan sonra bütün bunlarla işləməyi bacaran insanlar”, – deyə Albert Traksler çıxışında qeyd edib.
Belə yanaşma investisiyalara yalnız maddi aktivlərin ötürülməsi kimi deyil, həm də yerli mühəndislik və texnoloji kompetensiyaların formalaşdırılması mexanizmi kimi baxmağa imkan verir.
Sənaye obyektlərinin layihələndirilməsi və tikintisi sahəsində 30 illik təcrübəyə malik tpe şirkətinin icraçı direktoru Rüstəm İsmayılov sessiya iştirakçılarının diqqətini ona yönəldib ki, güclü iqtisadiyyat məhz hər növbəti layihənin əvvəlki təcrübəyə əsaslandığı yerdə başlayır. Layihə özündən sonra növbəti layihəni daha sürətli və daha keyfiyyətli həyata keçirməyə imkan verən insanları, metodları, prosesləri və peşəkar mədəniyyəti geridə qoyduqda bu mümkün olur.
“Burada çox vacibdir ki, bu yeni bilik fərdi deyil, sistemli olsun. İstənilən layihədə yeni bacarıq və kompetensiyaların bir neçə güclü mütəxəssisdə cəmlənməsi riski var. Onlar işlədiyi müddətdə hər şey qaydasındadır. Lakin onlar getdikdə sistem ilkin vəziyyətinə qayıdır. Buna görə də kompetensiyaların həqiqi transferi əməkdaşların təlim keçməsi ilə deyil, xarici ekspert artıq uzun müddətdir yanında olmadıqdan sonra komandanın müstəqil şəkildə düzgün qərarlar qəbul etməsi ilə baş verir. Mənim üçün bu, bu gün qeyri-maddi kapital adlandırdığımız anlayışın, bəlkə də, ən yaxşı nümunəsidir: dünən həll edə bildiyimizdən daha mürəkkəb məsələləri həll etmək üçün toplanmış qabiliyyət”, – deyə Rüstəm İsmayılov bildirib.
“tpe” şirkətinin rəhbəri həmçinin qeyd edib ki, müasir rəqəmsal sistemlərə, texnoloji həllərə və beynəlxalq standartlara baxmayaraq, əsas rolu yenə də təcrübə oynayır. Lakin təcrübə əvvəlkini əvəz etməməli, onu inkişaf etdirməli və tamamlamalı, toplanmış kompetensiyalara çevrilməlidir.
Belə yanaşmanın aktuallığını statistika da təsdiqləyir: “World Economic Forum”un məlumatına görə, işəgötürənlərin 63 faizi bacarıq çatışmazlığını biznes transformasiyasının əsas maneəsi hesab edir, onların gözləntilərinə görə isə 2030-cu ilədək işçilərin əsas bacarıqlarının təxminən 39 faizi dəyişəcək.
Birbaşa xarici investisiyaların keyfiyyəti
AZPROMO nümayəndəsi və müzakirə iştirakçıları birbaşa xarici investisiyaların cəlb edilməsinə yanaşmaların dəyişməsini ayrıca nəzərdən keçiriblər. Sənaye parkları, infrastruktur, vergi və gömrük təşviqləri beynəlxalq biznesin bazara daxil olması üçün baza şəraiti yaradır. Lakin əsas vəzifə investisiyaların keyfiyyətini və onların uzunmüddətli iqtisadi effekt yaratmaq qabiliyyətini artırmaqdır.
“Birbaşa xarici investisiyaların qiymətləndirilməsinə müasir yanaşma yalnız sərmayənin həcmi ilə məhdudlaşmır. Burada uzunmüddətli təsirlər, o cümlədən texnologiya transferi, qabaqcıl idarəetmə təcrübələrinin mənimsənilməsi və yerli şirkətlərin qlobal dəyər zəncirlərinə inteqrasiyası da nəzərə alınır. Biz istəyirik ki, xarici şirkətlər Azərbaycanı yalnız istehsal müəssisəsi qurmaq üçün əlverişli məkan kimi deyil, həm də region üzrə fəaliyyətlərini idarə etmək və inkişaf etdirmək üçün strateji mərkəz kimi seçsinlər”, – deyə AZPROMO-nun icraçı direktorunun müşaviri Sevil Yəhyayeva bildirib.
Beləliklə, investisiya platformaları arasında rəqabət getdikcə yalnız resursların dəyəri və ya infrastrukturun əlçatanlığı ilə deyil, yerli biznes mühitinin keyfiyyəti ilə müəyyən olunur.
Regional investisiya platforması modelinə keçid
Panel sessiyasının iştirakçıları qeyd ediblər ki, Azərbaycan investisiya gündəliyini dəyişir: birbaşa xarici investisiyaların cəlb edilməsi ilə bağlı dar çərçivəli məsələnin əvəzinə diqqət regional inkişaf ekosisteminin formalaşdırılmasına yönəlir. Söhbət kapitalın, texnologiyaların və yerli ekspertizanın birləşdirilməsindən gedir. Əsas alətlər isə ixtisaslı kadrlar, beynəlxalq standartlar, biznes infrastrukturu, ölkə hüdudlarından kənarda miqyaslana bilmək imkanları və yerli bazarlara çıxışdır. Qeyd olunduğu kimi, bütün bu istiqamətlərdə əhəmiyyətli irəliləyiş müşahidə olunur.
KPMG Azərbaycanın idarəedici partnyoru Vitali Yakovlevin fikrincə, konkret sövdələşmələr və birgə layihələr səviyyəsində dəyərlə iş də az əhəmiyyət daşımır. Dəyərin ayrıca, məcmu şəkildə və müxtəlif ssenarilər üzrə nəzərdən keçirilməsi, yalnız maddi aktivlərin deyil, həm də qeyri-maddi nou-haunun, eləcə də onların birləşməsindən yaranan iqtisadi effektlərin nəzərə alınması təklif olunur.
“Belə layihələrin strukturlaşdırılması üçün earn-out (nəticədən asılı ödəniş), opsionlar və digər çevik alətlər mövcuddur. Qiymətləndirmə ilə bağlı mübahisələr illərlə davam edə və sövdələşmələrin baş tutmamasına səbəb ola bilər. Lakin danışıqların düzgün dəstəklənməsi ilə onları bir neçə ay ərzində yekunlaşdırmaq mümkündür”, – deyə Vitali Yakovlev bildirib.
O, həmçinin əlavə edib ki, investorlar üçün vergi güzəştlərindən daha çox gömrük və miqrasiya tənzimlənməsi, valyuta tənzimlənməsi, kapitalın hərəkəti və arbitraj sahələrində sabit və aydın qaydaların olması əhəmiyyət kəsb edir. Vitali Yakovlevin fikrincə, investorlar ilə Azərbaycanın tənzimləyici orqanları arasında davamlı dialoq mühüm rol oynayır.
Beləliklə, Azərbaycanın investisiya fokusuna sövdələşmələrin işlənib hazırlanmasının keyfiyyəti də əlavə olunur: ümumi ekosistemdən konkret qiymətləndirmə mexanizmlərinə və danışıqlar prosesinə qədər.
Layihələrin koordinasiyası üzrə vahid mərkəz
Panel sessiyasının əsas nəticələrindən biri beynəlxalq ekspertizanın lokallaşdırılması üçün yalnız bir investisiya layihəsinin kifayət etmədiyi qənaəti olub. “Caspian Business Hub” layihəsinin rəhbəri Narmin Cəfərova ekspert çıxışında sənaye kooperasiyasının tranzaksiya xərclərinin azaldılmasına və ayrı-ayrı kompetensiyaların mürəkkəb layihələr ətrafında birləşdirilməsinə əsaslanan bu məsələnin mümkün həllini təqdim edib. Onun fikrincə, Xəzər regionunun əsas çatışmazlıqlarından birinin maraqlı tərəfləri qısa müddətdə işlək layihə ətrafında birləşdirmək bacarığının zəif olması olduğunu bildirib. Məhz burada “Caspian Business Hub”ın vahid koordinasiya mərkəzi kimi iqtisadi funksiyası üzə çıxır. Bu mərkəz hər bir tərəfin məntiqini anlamaq və konkret investisiya imkanı ətrafında iştirakçıların düzgün konfiqurasiyasını formalaşdırmağa kömək etmək imkanına malikdir.
Aydındır ki, müasir transsərhəd layihələr artıq iki tərəf arasında həyata keçirilən sövdələşmələr deyil. Texnologiyalar, avadanlıq, maliyyələşmə və işçi qüvvəsi müxtəlif ölkələrdən gəlir, iştirakçıların maraqları isə çox vaxt üst-üstə düşmür. “Caspian Business Hub” “Industrial Agile” arxitekturasını (layihələrin çevik idarə olunması) – kritik kompetensiyaların erkən mərhələdə paralel şəkildə prosesə cəlb edilməsini təklif edir.
“Qarşımıza qoyduğumuz qlobal məqsədlərdən biri rezident şirkətlərin sayını artırmaq deyil, əməkdaşlıq infrastrukturunu yaratmaqdır. Etimadın fərdi kateqoriyadan institusional kateqoriyaya keçməsini istəyirik. Koordinasiya xərclərini o qədər azaltmaq istəyirik ki, şirkətlər üçün mürəkkəb transsərhəd layihələri birlikdə həyata keçirmək onları ayrı-ayrılıqda reallaşdırmağa çalışmaqdan daha sərfəli olsun. Məhz o zaman “Caspian Business Hub” sadəcə biznes platforması deyil, Xəzər regionunun yeni investisiya infrastrukturunun bir hissəsinə çevrilə bilər”, – deyə Nərmin Cəfərova çıxışında bildirib.
Panel müzakirəsi göstərib ki, müasir investisiya gündəliyi tədricən “nə qədər kapital cəlb etmək mümkün olub?” sualından “bu kapital ölkə daxilində hansı uzunmüddətli dəyəri yaradır?” sualına keçir.
Bu modeldə yerli biliklər, mühəndislik kompetensiyaları, texnoloji təcrübə, etimad və mürəkkəb layihələr ətrafında iştirakçıları birləşdirmək bacarığı maliyyə kapitalından heç də az əhəmiyyətli olmayan resursa çevrilir.
İnkişaf etməkdə olan bazarlar üçün bilikləri və beynəlxalq kapitalı dayanıqlı yerli kompetensiyalara çevirmək bacarığı məhz sənaye inkişafının növbəti mərhələsinin əsas amillərindən birinə çevrilə bilər.