İşğalın ağır mirası: Azərbaycanın təbii sərvətləri necə talan edilib? - ŞƏRH
Bakı, 28 sentyabr, AZƏRTAC
Altı il əvvəl – 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq Azərbaycan Ordusunun əks-hücum əməliyyatları başlayıb və 44 gün davam edən Vətən müharibəsi ölkəmizin Zəfəri ilə başa çatıb. Həmin Zəfərin ardınca 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli antiterror tədbirləri ilə Azərbaycanın dövlət suverenliyi tam bərpa olunub. Ərazilərimizin işğaldan azad edilməsi işğal illərində Azərbaycana vurulmuş bütün zərərin aradan qalxması demək deyil. İşğalın ağır mirası dağıdılmış yaşayış məntəqələri, məhv edilmiş meşələr, talan olunmuş təbii sərvətlər və digər ekoloji-iqtisadi fəsadlarda özünü göstərir.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri bildirib.
“Çünki Ermənistan yalnız Azərbaycan ərazilərini deyil, işğal altındakı torpaqlarımızda yeraltı və yerüstü sərvətləri də sistemli şəkildə talan edib. Ermənistan silahlı qüvvələrinin 2020-ci ildə Kəlbəcər və Laçın rayonlarından çıxması zamanı meşələri yandırması, evləri talan etməsi və digər dağıntılar törətməsi də işğalın təbiətə vurduğu zərərin göstəricisidir”, - deyə N.Azəri qeyd edib.
Siyasi şərhçi bu məsələnin sentyabrın 22-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və “Azərbaycan Respublikasında 2027-2030-cu illərdə dağ-mədən (metal filizləri) və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı”na həsr olunan müşavirədə də gündəmə gətirildiyini diqqətə çatdırıb: Dövlət başçısı işğal dövründə Kəlbəcər, Laçın və Zəngilan rayonlarında 60 min hektar meşə fondunun Ermənistan tərəfindən məhv edildiyini, talandığını və ağacların kəsilərək satıldığını bildirib. Prezident, həmçinin 2020-ci ildə həmin ərazilərdən çıxış zamanı meşələrin yandırıldığını, qızıl, mis və molibden yataqlarının qanunsuz istismar edildiyini vurğulayıb”.
N.Azəri qeyd edib ki, Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı Vətən müharibəsindən sonra da Qarabağın bir hissəsində, 2023-cü ilin sentyabrınadək separatçı rejimin nəzarətində olan ərazilərdə davam edib: “Azərbaycanın aidiyyəti qurumları bu istiqamətdə araşdırmalar aparıb, cinayət işləri başlayıb və konkret şəxslərin məsuliyyətə cəlb olunması üçün hüquqi tədbirlər görülüb. Bu şəxslərdən biri də Ruben Vardanyandır. O, 2022-ci ildə Qarabağa gəldikdən sonra separatçı rejimin qondarma “dövlət naziri” vəzifəsini tutub, daha sonra həbs edilərək bir sıra ağır cinayətlərdə ittiham olunub”.
O, konkret nümunə kimi Zəngilan rayonunun Vejnəli kəndindəki qızıl yatağını göstərib: “Azərbaycan Baş Prokurorluğunun məlumatında İsveçrədə qeydiyyatdan keçmiş “Vallex Group” şirkətlər qrupunun filialı olan “Base Metals” QSC-nin 2009–2017-ci illərdə Vejnəli yatağında qanunsuz sahibkarlıq fəaliyyəti həyata keçirdiyi və nəticədə 301 milyon 918 min manat gəlir əldə etdiyi bildirilir. Həmin iş üzrə “Vallex Group”un maliyyə investoru, İsveçrə vətəndaşı Vartan Sirmakes, qrupun rəhbəri Valeriy Mejlumyan və “Base Metals”in icraçı direktoru Artur Mkrtumyan barəsində beynəlxalq axtarış elan edilib. Vartan Sirmakes “Franck Muller Group”un həmtəsisçisi və baş icraçı direktoru olub. Azərbaycan tərəfinin məlumatına görə, o, “Vejnəli” qızıl yatağının açılışında iştirak edib və barəsində cinayət işi başlanıb. “Gold Star” şirkətinin də “Vejnəli” yatağının istismarında iştirak etdiyinə dair araşdırmalar aparılıb.
Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı məsələsi 2020-ci il müharibəsindən sonra da gündəmdə qalıb. 2022-ci ilin dekabrında Azərbaycan QHT-lərinin nümayəndələri və ekofəallar Laçın–Şuşa yolunda etiraz aksiyasına başlayıblar”.
N.Azəri həmin aksiyanın iştirakçısı olduğunu xatırladaraq bildirib ki, bu, işğal altında saxlanılan ərazilərdə Azərbaycanın təbii sərvətlərinin qanunsuz istismarı, mədənlərin fəaliyyəti və ekoloji təhlükəsizlik məsələlərini gündəmə gətirən vətəndaş cəmiyyəti təşəbbüsü idi. İşğal nəticəsində Azərbaycana vurulan zərərin miqyası yalnız dağıdılmış yaşayış məntəqələri və infrastrukturu ilə məhdudlaşmır. Meşələrin məhv edilməsi, təbii sərvətlərin qanunsuz çıxarılması və mədən yataqlarının istismarı ölkəmizin ekoloji və iqtisadi potensialına da ciddi zərər vurub.