ADU türk dili və ədəbiyyatı ilə bağlı beynəlxalq simpoziuma ev sahibliyi edəcək
Bakı, 28 sentyabr, AZƏRTAC
Azərbaycan Dillər Universitetində (ADU) oktyabrın 8-də növbəti beynəlxalq tədbir - IV beynəlxalq türk dili və ədəbiyyatının tədrisi simpoziumu keçiriləcək.
Bu barədə AZƏRTAC-a universitetdən bildirilib. Bakı Türkologiya Qurultayı və Qazi Universitetinin 100 illiyi, eləcə də Azərbaycan Dillər Universitetinin 80 illiyi münasibətilə təşkil olunacaq simpoziumda Azərbaycanla yanaşı, Türkiyə, Yaponiya, Rusiya, Polşa və digər ölkələrdən 150-yə yaxın alim və tədqiqatçının iştirakı nəzərdə tutulub.
Simpoziumda türk dili və ədəbiyyatının tədrisi sahəsində aktual məsələlər, müasir metodoloji yanaşmalar və təhsil imkanları müzakirə olunacaq, müxtəlif ölkələrin alim və tədqiqatçıları arasında fikir və təcrübə mübadiləsi aparılacaq.
Tədbirin əsas məqsədi türk dili və ədəbiyyatının tədrisi ilə bağlı müasir yanaşmaları, mövcud problemləri və inkişaf perspektivlərini müzakirə etmək, qabaqcıl təcrübənin və elmi fikirlərin mübadiləsinə şərait yaratmaqdır. Simpozium çərçivəsində ölkənin müxtəlif ali təhsil müəssisələrindən olan alim, tədqiqatçı və mütəxəssislərin iştirakı da nəzərdə tutulub. Bu baxımdan tədbir türk dili və ədəbiyyatının tədrisi sahəsində elmi əlaqələrin genişləndirilməsi və akademik əməkdaşlığın inkişafı üçün imkan yaradacaq.
Simpozium, həmçinin gənc alim və tədqiqatçıların elmi araşdırmalarını təqdim etmələri, müxtəlif ölkələrdən olan həmkarları ilə fikir mübadiləsi aparmaları və yeni elmi əlaqələr qurması baxımından əhəmiyyət daşıyır. İştirakçılar türk dili və ədəbiyyatının tədrisi sahəsində beynəlxalq təcrübə ilə tanış olmaq və tədqiqat nəticələrini geniş elmi auditoriyaya təqdim etmək imkanı əldə edəcəklər.
Tədbirin türk dili və ədəbiyyatının tədrisi sahəsində elmi əməkdaşlığın genişləndirilməsinə, birgə tədqiqat və layihələrin təşviqinə, eləcə də türkoloji araşdırmaların yeni istiqamətlər üzrə inkişafına töhfə verməsi nəzərdə tutulur.