Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
İstanbul, 28 sentyabr, AZƏRTAC
İstanbulda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Halkalı Fən Elmləri Mərkəzinin təşkilatçılığı ilə keçirilən mərasimdə Azərbaycan və Türkiyənin şəhidlərinin xatirəsi yad olunub.
Tədbir Azərbaycan və Türkiyənin Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Mərasimdə Türkiyə Böyük Millət Məclisinin deputatı, Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Şamil Ayrım, Milliyyətçi Hərəkat Partiyasının (MHP) İstanbulun Kiçikçəkməcə rayon təşkilatının rəhbəri Əkrəm Sarısoy, Halkalı Fən Elmləri Mərkəzinin rəhbəri Taner Korhan, Türk Dənizçilik və Qlobal Strategiyalar Mərkəzinin (Türk DEGS) Qafqaz təhlükəsizliyi üzrə eksperti, Qarabağ müharibəsi veteranı, ehtiyatda olan polkovnik Akif Qasımov, İstanbulun Kiçikçəkməcə Qızıl Aypara təşkilatının rəhbəri Doğan Şeyda, Əsassız Erməni İddiaları ilə Beynəlxalq Mübarizə Dərnəyinin (ASİMDER) Mərmərə bölgəsi üzrə rəhbəri Ali Gülbey və digər qonaqlar iştirak ediblər.
Tədbirdə çıxış edənlər Azərbaycan və Türkiyə xalqları arasında mövcud olan tarixi dostluq və qardaşlıq münasibətlərindən danışıblar. Çıxışlarda Çanaqqala və Sakarya meydan müharibələri, Qafqaz İslam Ordusunun Bakının işğaldan azad edilməsi əməliyyatı və Azərbaycan-Türkiyə hərbçilərinin tarix boyu birgə mübarizəsi barədə məlumat verilib.
Natiqlər 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfərin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti, xalqı və Ordusunun birgə mübarizəsinin nəticəsi olduğunu bildiriblər.
Çıxışlarda Türk dünyası üçün mühüm əhəmiyyət daşıyan bu Zəfərin əldə olunmasında Türkiyə xalqı və dövlətinin Azərbaycana göstərdiyi siyasi və mənəvi dəstəyin böyük rol oynadığı vurğulanıb.