Sözün tövbə qapısı və mənəvi ucalığın poeziya təntənəsi
Bakı, 17 oktyabr, AZƏRTAC
Azərbaycandakı Atatürk Mərkəzində tanınmış şair Rafiq Ələkbərin “Bu qapı bəlkə tövbədir?” adlı yeni kitabının təqdimat mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tanınmış qiraətçi Müşfiqə Baləddinqızının moderatorluğu ilə baş tutan tədbirdə ədəbiyyatşünaslar, alimlər, qələm dostları və hüquq-mühafizə orqanlarının sabiq əməkdaşları çıxış edərək müəllifin yaradıcılığını müxtəlif aspektlərdən təhlil ediblər.
Çıxış edən filologiya elmləri doktoru Cavanşir Yusifli, iqtisad elmləri doktoru Əyyub Məmmədov, şair-tədqiqatçı Hikmət Məlikzadə və şair Xalidə Nuray Rafiq Ələkbər poeziyasının ictimai-fəlsəfi mahiyyətindən, mistik-təsəvvüf çalarlarından və bu şeirlərin oxucuya bağışladığı dərin təsirdən bəhs ediblər.
Azərbaycan Yazıçılar Birliyinin katibi Elçin Hüseynbəyli, Əməkdar jurnalist İlqar Rüstəmov, sabiq prokurorlar Ələmdar Məmmədov və İlham Məmmədov, eləcə də tanınmış jurnalist Şəmsəddin Şabiyev şairin fərdi insani keyfiyyətlərini önə çəkərək, onun Yardımlı havası kimi pak, Savalan dağı kimi uca mənəviyyata malik olduğunu, keçmiş prokurorluq fəaliyyətindəki ədalətlilik prinsipini və yüksək mədəniyyətini və şeirlərində də eynilə əks etdirməyə çalışdığını vurğulayıblar.
Müəllifin əsərlərinin xarici dillərə tərcüməsi məsələsinə toxunan filologiya üzrə fəlsəfə doktoru Kamran Nəzirli şairin şeirlərini və “İnsan alveri” romanını ingilis dilinə çevirdiyini diqqətə çatdırıb. Professor Anna Barkutaşvili isə Rafiq Ələkbər şeirindəki fəlsəfi dərinliyi başqa dillərə axtararkən qarşılaşdığı duyğusal və bədii incəliklərdən danışıb.
Əməkdar jurnalist Şəmsiyyə Kərimova müasir ədəbi proses kontekstində müəllifin şeirini təhlil edib, gənc qiraətçi İsmayıl Etibarlı və digər qiraətçilərin ifasında səslənən misralar isə tədbirə xüsusi ovqat qatıb.
Sonda çıxış edən şair Rafiq Ələkbər tədbir iştirakçılarına minnətdarlığını bildirərək öz şeirlərini qələm dostlarına təqdim edib.
Yüksək estetik ruhda keçən bu mərasim müasir poeziyamızın salnaməsinə vacib bir ədəbi yaddaş səhifəsi kimi həkk olunub.