Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır
Bakı, 17 oktyabr, AZƏRTAC
“Əslində, axtarış tapmaq deyil, axtarış prosesindən ləzzət almaqdır”.
Bunu rəssam Anar Hüseynzadə AZƏRTAC-ın müxbiri ilə söhbətində deyib.
Rəssamın sözlərinə görə, yaradıcı insan daim axtarışdadır. İnsanlar çox vaxt nə axtardıqlarını dəqiq bilməsələr də, həmin axtarışı Tanrı, sevgi, həqiqət və ya özünü tapmaq kimi mənalandırırlar.
A.Hüseynzadə qeyd edib ki, insanlar bəzən axtardıqlarına nail olduqları zaman xoşbəxt olacaqlarını düşünürlər. Lakin məqsədə çatmağa çalışarkən prosesin özündən zövq almağı və zamanı dəyərləndirməyi unudurlar. Axtarılan nəyəsə nail olduqdan sonra isə onun əvvəlki dəyərini itirdiyi hissi yaranır və insan yenidən başqa bir şeyin axtarışına başlayır.
Rəssam hesab edir ki, onun əsərləri də bu axtarış yolunda buraxdığı izlərdir. Onun fikrincə, əsas məsələ yalnız müəyyən məqsədə çatmaq deyil, həmin yolda yaşananlardan zövq almağı bacarmaqdır.
Sərgidə rəssamın son illərdə yaratdığı və indiyədək, demək olar ki, nümayiş etdirilməyən 60 əsəri təqdim olunub.
Müxbir - Lalə Minasazova