Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir
Naxçıvan, 16 oktyabr, AZƏRTAC
Oktyabrın 16-da Kəngərli Rayon Mədəniyyət Sarayında Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin YAP-ın VIII Qurultayındakı çıxışından irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.
Müşavirədə çıxış edən Kəngərli Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, oktyabrın 2-də VIII Qurultayda Prezident İlham Əliyevin proqram xarakterli çıxışında ölkəmizin gələcəyə yönəlmiş siyasi-strateji kursu ortaya qoyulub, eyni zamanda, milli təhlükəsizlik və inkişaf doktrinasının başlıca konturları və qarşıda duran əsas vəzifələr müəyyənləşdirilib. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunmasından sonra ilk dəfə keçirilən bu Qurultayda əldə olunmuş nəticələrin qorunması, ölkəmizin inkişafının davam etdirilməsi, müstəqilliyimizin daha da möhkəmləndirilməsi və cəmiyyətin ideoloji təhlükələrdən qorunması əsas vəzifələr kimi qarşıya qoyulub.
Sonra Kəngərli Rayon Məşğulluq sektorunun müdiri Səxavət Həsənov, şəhid qardaşı, Qıvraq qəsəbə tam orta məktəbinin müəllimi İlkin Əhmədov, Qarabağlar kənd 2 nömrəli tam orta məktəbinin direktor müavini Hacı Məmmədov və Kəngərli Rayon Statistika İdarəsinin rəisi Novruz Kətənov çıxış ediblər. Çıxışlarda Prezident İlham Əliyevin Qurultaydakı nitqindən irəli gələn vəzifələr, xüsusilə gənclərin milli-mənəvi dəyərlərimizə sadiq, vətənpərvərlik ruhunda tərbiyə olunması, sağlam düşüncəli, yüksəktəhsilli və peşəkar kadrların yetişdirilməsi məsələlərinin əhəmiyyəti vurğulanıb.
Müşavirədə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, Yeni Azərbaycan Partiyasının 1992-ci ilin noyabrında məhz Naxçıvanda təsis edilməsi siyasi tariximizin mühüm hadisəsidir. Ölkəmizin ağır sınaqlarla üzləşdiyi dövrdə Ümummilli Lider Heydər Əliyevin ətrafında formalaşan siyasi birlik sonrakı dövlət quruculuğunda mühüm rol oynadı. Prezident İlham Əliyevin rəhbərliyi ilə davam etdirilən bu siyasi xəttin ən böyük tarixi nəticələrindən biri Azərbaycanın ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpasıdır. Lakin qazanılmış uğurların qorunması da böyük məsuliyyət tələb edir. Prezidentin çıxışından irəli gələn mühüm nəticə budur ki, dövlətimizin gücünü qorumaq üçün təhlükəsizlik tədbirləri ilə yanaşı, iqtisadi müstəqillik, təhsil, insan kapitalı və dövlət institutlarının səmərəliliyi də daim gücləndirilməlidir. Məhz buna görə Naxçıvanın iqtisadi dayanıqlılığının artırılması, istehsal və investisiya imkanlarının genişləndirilməsi ümumdövlət siyasətinin mühüm tərkib hissəsidir.
Vurğulanıb ki, Prezident İlham Əliyevin 2026-cı il 12 avqust tarixli Sərəncamı ilə Naxçıvanın sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə, ümumilikdə 258 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Bu qərar enerji və yol infrastrukturunun inkişafı, ictimai nəqliyyatın yenilənməsi, məktəbəqədər təhsil müəssisələrinin tikintisi, yaşayış binalarının və istilik təsərrüfatının təmiri, Naxçıvan Dövlət Universitetinin infrastrukturunun gücləndirilməsi kimi mühüm istiqamətləri əhatə edir. Ümumi uzunluğu 420 kilometr olan yolların əsaslı təmirinin nəzərdə tutulması kəndlərlə şəhər və rayon mərkəzləri arasında əlaqələrin yaxşılaşdırılması və kənd təsərrüfatı məhsullarının bazarlara çıxışının asanlaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır.
Səlahiyyətli nümayəndənin müavini diqqətə çatdırıb ki, kənd təsərrüfatının inkişafı baxımından mühüm əhəmiyyət daşıyan su təminatının yaxşılaşdırılması və su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində nəzərdə tutulan tədbirlərin vaxtında və keyfiyyətlə icrası xüsusi diqqət tələb edir. Naxçıvanın gələcək iqtisadi inkişafında enerji, sənaye, kənd təsərrüfatı və nəqliyyat-logistika sahələri bir-birini tamamlamalıdır. Yeni infrastruktur yalnız mövcud problemləri aradan qaldırmamalı, həm də sahibkarlıq və investisiya üçün yeni imkanlar yaratmalıdır. Bu qərarlar muxtar respublikanın inkişafı üçün mühüm maddi zəmin yaradır. Dövlət tərəfindən yaradılmış bu imkanlar qarşısında əsas məsuliyyət qəbul edilmiş qərarların vaxtında, keyfiyyətlə icrasına və həmin qərarların vətəndaşların həyatında real nəticələr verməsinə nail olmaqdır. Bu baxımdan müvafiq qurumlar öz səlahiyyətləri çərçivəsində layihələrin vaxtında və keyfiyyətlə həyata keçirilməsinə, mövcud koordinasiya mexanizmlərindən səmərəli istifadəyə və nəticələrin düzgün qiymətləndirilməsinə xüsusi diqqət yetirməlidirlər.
Bildirilib ki, Prezidentin çıxışında milli və ideoloji təhlükəsizlik məsələləri də mühüm yer tutur. İnformasiya texnologiyalarının sürətlə inkişaf etdiyi şəraitdə gənclərin tənqidi düşünmə, məlumatı təhliletmə və etibarlı mənbələri fərqləndirmə bacarıqlarının formalaşdırılması xüsusi əhəmiyyət daşıyır. Burada müəllimlərin, ziyalıların, ailələrin və ictimaiyyət nümayəndələrinin üzərinə böyük məsuliyyət düşür. Bu gün vətənpərvər gənc yalnız öz tarixini bilən deyil, həm də yaxşı təhsil alan, müasir texnologiyalara yiyələnən, milli dəyərlərinə bağlı olan və ölkəsinin inkişafına töhfə verməyə hazır vətəndaşdır. Bilikli və məsuliyyətli gəncliyin yetişdirilməsi ölkəmizin gələcək gücünün mühüm təminatıdır.
Samir Seyidəhmədli qeyd edib ki, Prezidentin VIII Qurultayda müəyyən etdiyi istiqamətlər hər kəsi bir həqiqət ətrafında birləşdirir: siyasi müstəqilliyin möhkəm dayaqlarından biri dayanıqlı və rəqabətqabiliyyətli iqtisadiyyatdır. Naxçıvanda əldə olunan nəticələrin növbəti mərhələdə daha güclü istehsal potensialına, daha geniş işgüzar imkanlara və səmərəli idarəetmə təcrübəsinə çevrilməsi qarşıda duran mühüm vəzifədir. Naxçıvan Azərbaycanın dövlətçilik tarixində mühüm iz qoymuş bir diyardır. İndi bu tarixi irsin davamı olaraq onun müasir iqtisadi inkişafda da mövqeyini gücləndirmək üçün geniş imkanlar mövcuddur. Əsas məqsəd bu imkanları davamlı tərəqqiyə xidmət edən nəticələrlə möhkəmləndirməkdir.
Müxbir - Nail Əsgərov