Energetika Nazirliyində YAP-ın VIII Qurultayının yekunlarına həsr olunmuş tədbir keçirilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Energetika Nazirliyində Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayının yekunlarına və Prezident, Partiyanın Sədri İlham Əliyevin Qurultaydakı nitqinə həsr olunmuş tədbir keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən energetika nazirinin müavini Orxan Zeynalov oktyabrın 2-də keçirilmiş Qurultayda dövlət başçısının müəyyən etdiyi strateji vəzifələrdən danışıb. O, milli təhlükəsizliyin və güclü dövlətçiliyin qorunmasının, iqtisadi müstəqilliyin və enerji təhlükəsizliyinin önəmi barədə ölkə rəhbərinin qeydlərini bir daha tədbir iştirakçılarının diqqətinə çatdırıb. Eyni zamanda, nazir müavini Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işlərini, “Böyük Qayıdış” proqramının sürətləndirilməsinə dair qarşıya qoyulan tapşırıqların icrasının əhəmiyyətini vurğulayıb.
YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev isə Prezident İlham Əliyevin ideoloji təhlükəsizliklə bağlı fikirlərinə toxunaraq ideoloji təxribatlara qarşı mübarizədə partiya üzvlərinin üzərinə düşən məsuliyyəti qeyd edib.
Nazirliyin Dövlət qulluğu və təşkilati idarəetmə şöbəsinin müdiri Əsəd İsmayılov ölkə başçısının YAP üzvləri qarşısında qoyduğu tapşırıqların daim diqqət mərkəzində saxlanıldığını bildirib.
Tədbirin sonunda nazirliyin YAP sıralarına yeni qəbul olunmuş əməkdaşlarına partiya üzvlük vəsiqələri təqdim edilib.