Gəncə Dövlət Universitetində Müstəqilliyin Bərpası Günü qeyd edilib
Gəncə, 18 oktyabr, AZƏRTAC
Gəncə Dövlət Universitetində (GDU) 18 Oktyabr – Müstəqilliyin Bərpası Gününə həsr olunmuş tədbir keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə əvvəlcə Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Müstəqilliyin Bərpası Gününə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Universitetin rektoru Yusif Yusibov çıxışında Ulu Öndər Heydər Əliyevin Azərbaycanın dövlət müstəqilliyinin qorunması və möhkəmləndirilməsindəki tarixi xidmətlərindən danışıb. Bildirib ki, 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdan Ümummilli Lider ölkədə siyasi sabitliyi təmin edərək dövlətçiliyin əsaslarını möhkəmləndirib. Onun müəyyən etdiyi strateji siyasi xətt Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Rektor 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpasının müstəqillik tariximizin ən mühüm nailiyyətlərindən olduğunu vurğulayıb.
Daha sonra Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva “Ulu Öndər Heydər Əliyev və Azərbaycanın dövlət müstəqilliyi”, Ümumi tarix kafedrasının dosenti Hüseyn Bəxtiyarlı “Müstəqilliyin bərpası Günü – şanlı tarixdən bu günə”, həmin kafedranın dosenti Nərgiz Rəsulova “Azərbaycanın dövlət müstəqilliyinin tarixi varisliyi və müasir milli dövlətçilik modeli”, Sosial fənlər kafedrasının baş müəllimi Üzeyir Balakişiyev “Müstəqilliyimiz daimidir, dönməzdir, əbədidir”, Psixologiya kafedrasının baş müəllimi Sabirə Bayramova “Müstəqilliyimiz milli sərvətimizdir”, Filologiya və xarici dillər fakültəsinin IV kurs tələbəsi Sevda Əliyeva isə “Müstəqillik tariximizin misilsiz Zəfəri” mövzularında məruzələrlə çıxış ediblər.
Çıxışlarda Azərbaycanın dövlət müstəqilliyinin bərpasının tarixi əhəmiyyəti, müstəqilliyin qorunması və möhkəmləndirilməsi istiqamətində görülən işlər, eləcə də ölkəmizin qazandığı tarixi Qələbə diqqətə çatdırılıb.
Müxbir - Elcan Məmmədov