Londonda Azərbaycanın maarifçilik tarixi və fəlsəfi irsi təqdim edilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Birləşmiş Krallığın paytaxtı London şəhərində Azərbaycanın zəngin maarifçilik tarixi, mənəvi-fəlsəfi irsi və mədəniyyətinə həsr edilmiş tədbirlər keçirilib.
Xəzər Universitetindən AZƏRTAC-a bildirilib ki, tədbirlərdən biri Londondakı Yunus Əmrə İnstitutunda baş tutub. Tədbirin təşkilatçısı, Kral İncəsənət Cəmiyyətinin üzvü, politoloq-jurnalist Neil Vatson açılış nitqi ilə çıxış edərək, Azərbaycanın maarifçilik hərəkatının regional və qlobal miqyasda aktuallığından söz açıb. O, xüsusilə Şərqdə ilk operanın və musiqili komediyanın banisi, Azərbaycan maarifçilik tarixinin görkəmli nümayəndəsi Üzeyir Hacıbəylinin fəaliyyətini və onun Şərq-Qərb sintezindəki müstəsna rolunu vurğulayıb.
Tədbirdə elmi məruzələrlə çıxış edən azərbaycanlı və türkiyəli alimlər mövzunun müxtəlif aspektlərinə işıq salıblar. AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun beynəlxalq əlaqələr şöbəsinin müdiri dosent Zöhrə Əliyeva çıxışında XX əsrin əvvəllərində Azərbaycanda cərəyan edən maarifçilik təmayüllərindən, milli oyanış dövrünün intellektual mühitindən və böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin bu tarixi hərəkata verdiyi misilsiz dəstəkdən geniş bəhs edib.
Xəzər Universitetinin Mövlana Ədəbi-Fəlsəfi Araşdırmalar İnstitutunun koordinatoru, filologiya üzrə fəlsəfə doktoru Fəridə Seyidova və Türkiyənin Üsküdar Universitetindən dosent İlahə Kurşun çıxışlarında türk xalqlarının mənəvi maarifçilik köklərinə və ortaq mədəni dəyərlərin formaşlaşma tarixinə toxunublar.
Elə həmin gün Birləşmiş Krallığın nüfuzlu elm və mədəniyyət ocaqlarından biri olan Kral İncəsənət Cəmiyyətində dahi bəstəkar Üzeyir Hacıbəylinin irsi təqdim olunub və “Arşın mal alan” filmi nümayiş etdirilib.
Hər iki tədbirin yekununda Azərbaycan mənəvi maarifinin və fəlsəfi irsinin ən mühüm təmsilçilərindən olan böyük mütəfəkkir Seyid Yəhya Bakuvi haqqında Qafqaz Müsəlmanları İdarəsi tərəfindən Azərbaycan və ingilis dillərində nəfis tərtibatla nəşr edilmiş “Piri-sani Seyid Yəhya Bakuvi” kitabı Yunus Əmrə İnstitutunun və Kral İncəsənət Cəmiyyətinin kitabxanalarına hədiyyə olunub.