BDU-da YAP-ın VIII Qurultayının qərarlarından irəli gələn vəzifələr diqqətə çatdırılıb
Bakı, 16 oktyabr, AZƏRTAC
Bakı Dövlət Universitetində (BDU) fəaliyyət göstərən “YENİ Klub”un və “Z.Xəlilov küç. 33” ünvanı üzrə ərazi partiya təşkilatının təşkilatçılığı ilə Prezident, Yeni Azərbaycan Partiyasının (YAP) Sədri İlham Əliyevin partiyanın VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
“Z.Xəlilov küç. 33” ünvanı üzrə ərazi partiya təşkilatının sədri Zahid Cəfərov çıxışında YAP-ın VIII Qurultayında müəyyənləşdirilən strateji hədəflərin əhəmiyyətindən danışıb. O, universitet mühitində siyasi maarifləndirmənin genişləndirilməsinin, partiyanın ideoloji prinsiplərinin təbliğində professor-müəllim heyətinin və tələbələrin fəal iştirakının vacibliyini vurğulayıb.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev qurultayın ölkənin siyasi həyatında əhəmiyyətini qeyd edərək, milli maraqların qorunmasının və dövlətçilik prinsiplərinin təbliğinin partiyanın əsas vəzifələri sırasında olduğunu bildirib. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində və ictimai fəallığının artırılmasında rayon təşkilatlarının məsuliyyətinə diqqət çəkib.
BDU-nun prorektoru Əliş Ağamirzəyev ali təhsil müəssisələrinin ölkənin ictimai-siyasi və intellektual həyatındakı rolundan bəhs edib. O bildirib ki, universitetlərin əsas vəzifələrindən biri yüksəkixtisaslı mütəxəssislərlə yanaşı, milli-mənəvi dəyərlərə bağlı vətəndaşlar yetişdirməkdir. Prorektor bu cür müşavirələrin ictimai-siyasi qurumlarla əməkdaşlığın gücləndirilməsinə töhfə verdiyini qeyd edib.
Tədbirdə, həmçinin YAP Veteranlar Şurasının üzvü Misir Mərdanov, BDU-nun Tarix fakültəsinin kafedra müdiri İradə Hüseynova, YAP Veteranlar Şurasının üzvü Şahlar Əsgərov və BDU-nun “YENİ Klub”unun sədr müavini Fərhad Hüseynzadə çıxış ediblər.
Çıxışlarda dövlət başçısının qurultaydakı nitqinin ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsində rolu vurğulanıb. Milli maraqlar ətrafında birliyin möhkəmləndirilməsi, təhsilin davamlı inkişafı və dövlətçilik ənənələrinin qorunmasının Azərbaycanın gələcəyi baxımından əhəmiyyətinə toxunulub.
Müşavirə Yeni Azərbaycan Partiyasının himninin səsləndirilməsi ilə başa çatıb.