Bakı beynəlxalq dialoqun və strateji tərəfdaşlığın mərkəzi kimi mövqeyini möhkəmləndirir ŞƏRH
Bakı, 15 oktyabr, AZƏRTAC
Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, təhlükəsizlik çağırışlarının artdığı və yeni əməkdaşlıq imkanlarının yarandığı bir dövrdə dövlətlərin müstəqil siyasət yürütməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi və beynəlxalq tərəfdaşlığın inkişafına töhfə verməsi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan məhz bu prinsiplərə əsaslanan siyasəti nəticəsində regional və qlobal proseslərin fəal iştirakçısına, beynəlxalq miqyasda nüfuzlu tərəfdaşa çevrilib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov ifadə edib.
O qeyd edib ki, Prezident İlham Əliyevin oktyabrın 15-də Bakıda keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə çıxışı Azərbaycanın beynəlxalq münasibətlərdə prinsipial mövqeyini, keçdiyi tarixi yolu, qazandığı Zəfərin siyasi əhəmiyyətini və Avrasiya məkanında artan rolunu əks etdirən mühüm siyasi bəyanat olub.
Asiya ilə Avropanın kəsişməsində yerləşən Azərbaycan əlverişli coğrafi mövqeyini Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində strateji üstünlüyə çevirib. Bu gün ölkəmiz Şərqlə Qərb, Şimalla Cənub arasında nəqliyyat, enerji və ticarət əlaqələrinin inkişafında mühüm rol oynayaraq Avrasiyanın əsas birləşdirici mərkəzlərindən biri kimi mövqeyini gücləndirir. Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşdırılan beynəlxalq layihələr regional inteqrasiyaya, iqtisadi əməkdaşlığa və qarşılıqlı faydalı tərəfdaşlığa geniş imkanlar yaradır.
“Dövlətimizin başçısının çıxışında xüsusi vurğuladığı məsələlərdən biri Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi ədalətsizliklər və ikili standartlar olub. Otuz ilə yaxın müddətdə ərazilərimizin işğal altında saxlanılması, bir milyona yaxın soydaşımızın doğma yurdlarından didərgin düşməsi, şəhər və kəndlərimizin dağıdılması beynəlxalq hüququn kobud şəkildə pozulması idi. Buna baxmayaraq, beynəlxalq təsisatların fəaliyyəti real nəticə verməyib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ATƏT-in Minsk qrupunun fəaliyyəti imitasiya xarakteri daşıyıb, münaqişənin həllindən daha çox mövcud vəziyyətin qorunub saxlanılmasına xidmət edib.
Azərbaycan uzun illər münaqişənin sülh yolu ilə həllinə çalışsa da, diplomatik səylərin nəticəsiz qalması tarixi ədalətin bərpasını zəruri etmişdi. 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Zəfər işğala son qoyub, xalqımızın sarsılmaz iradəsini və dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirib”, - deyə S.Novruzov bildirib.
O qeyd edib ki, Prezident İlham Əliyevin “Bizi təhdid edənlər bu gün Azərbaycan çayını bizim həbsxanalarda içirlər” fikri dövlətimizin suverenliyinə qarşı yönəlmiş fəaliyyətlərin iflasa uğradığını ifadə edən qətiyyətli siyasi mesajdır. Bununla yanaşı, dövlətimizin başçısının “Müharibə bizim seçimimiz olmayıb” bəyanatı Azərbaycanın hər zaman sülhə üstünlük verdiyini təsdiqləyir. Ölkəmiz işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini öz gücü hesabına təmin edib, Cənubi Qafqazda yeni geosiyasi reallıqlar yaradıb. Bu gün Azərbaycan həmin reallıqlar əsasında regionda davamlı sülhün və əməkdaşlığın tərəfdarı kimi çıxış edir.
“Bakı Zirvə Görüşü Azərbaycanın çoxtərəfli diplomatiya sahəsində artan nüfuzunu da nümayiş etdirib. AQEM kimi mühüm beynəlxalq platformanın Zirvə Görüşünün ölkəmizdə keçirilməsi Bakının qlobal dialoq və əməkdaşlıq mərkəzi kimi mövqeyinin möhkəmləndiyini göstərir. Azərbaycan təşkilata ikiillik sədrliyi müddətində onun institusional inkişafına, üzv dövlətlər arasında qarşılıqlı etimadın gücləndirilməsinə, nəqliyyat, bağlantılar, rəqəmsallaşma, ətraf mühitin mühafizəsi, turizm, təhsil və elm sahələrində əməkdaşlığın genişləndirilməsinə xüsusi diqqət yetirib.
Bu təşəbbüslər Azərbaycanın beynəlxalq təşkilatlarda yalnız fəal iştirakçı deyil, həm də əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirən təşəbbüskar dövlət olduğunu təsdiqləyir. Asiyanın qlobal iqtisadiyyatda artan rolu fonunda ölkəmizin strateji coğrafi mövqeyi, inkişaf edən nəqliyyat-logistika infrastrukturu və enerji layihələri Avrasiya məkanında inteqrasiyanın dərinləşməsinə mühüm töhfələr verir. Bu gün ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş Azərbaycan Prezident İlham Əliyevin liderliyi ilə Avrasiyanın strateji birləşdirici mərkəzlərindən biri kimi mövqeyini möhkəmləndirir, beynəlxalq münasibətlər sistemində söz sahibi olan qüdrətli dövlət kimi yeni uğurlara doğru inamla irəliləyir”, - deyə deputat vurğulayıb.