Deputat: Paşinyan bu gün sülh libası geyinibsə, bunun səbəbi Azərbaycanın gücüdür
Bakı, 16 oktyabr, AZƏRTAC
Prezident İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) VII Bakı Zirvə görüşündə bir çox məsələlərə toxunaraq, Ermənistan-Azərbaycan münasibətlərini, müharibə mərhələsini, onun tarixi keçmişini, əldə edilən tarixi Zəfəri və sülh mərhələsinə qədər keçilən yolu ayrı-ayrı mərhələlər üzrə qiymətləndirib. Dövlətimizin başçısı ilk növbədə Azərbaycan xalqının mənəvi və humanist dəyərlərinə, ədalət duyğusuna, eyni zamanda, mətanətinə və özünəinamına diqqət çəkib.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev 30 illik işğaldan sonra məhz bu keyfiyyətlər əsasında formalaşan milli gücümüz sayəsində Qarabağın işğaldan azad edildiyini vurğulayıb. Bu, çox mühüm məsələdir və sadəcə, dünya ictimaiyyətinə Azərbaycan xalqının mədəni-mənəvi keyfiyyətlərinin təqdimatı deyildi, həm də Azərbaycan gəncləri üçün yeni bir çağırış idi.
H.Babaoğlu diqqətə çatdırıb ki, Prezident İlham Əliyev bu gün sülh tərəfdarı kimi görünən Nikol Paşinyanın 2018-ci ildə eyni separatçı və terrorçu zehniyyətin daşıyıcısı olduğunu dilə gətirməklə, əslində, mühüm mesaj verib.
“Paşinyan bu gün sülh libası geyinibsə, bunu öz xoşu ilə etməyib, həmin mövqeyə gəlməsinə səbəb olan amil Azərbaycanın gücüdür. Mənə elə gəlir ki, bu, milli yaddaşımızın qorunması, eləcə də Ermənistanın siyasi davranışlarının və erməni psixologiyasının bütün dünyaya yenidən təqdim edilməsi baxımından olduqca əhəmiyyətli fikirdir. Azərbaycan Prezidenti Ermənistanın işğal dövründə arxasında dayanan qüvvələrə də diqqət çəkib. Dövlətimizin başçısı Avropa Şurasını və Avropa Parlamentini anaxronizm və atavizmin nümunələri kimi səciyyələndirib. Bu qurumların mövqeyi, əslində, problemin həllinə mane olan amillər kimi təqdim olunub”, - deyə deputat qeyd edib.
H.Babaoğlu bildirib ki, Prezident İlham Əliyev faşizmin bütün təzahürlərinin mahiyyət etibarilə faşizm olduğunu vurğulayıb. Azərbaycana münasibətdə erməni faşizmi mövcud idi. Buna görə dövlətimizin başçısı faşizmi məğlub edən lider kimi erməni terrorçularına və faşistlərinə qarşı keçirilən məhkəmə prosesini Azərbaycanın “Nürnberq” tribunalı adlandırıb və onun Nürnberq tribunalına bənzərliyini qeyd edib. Doğrudan da, bizim üçün sözün əsl mənasında Nürnberq erməni separatçılarının Azərbaycan ədaləti qarşısında cavab verməsi idi. Bu məsələlər hər bir azərbaycanlının tarixi yaddaşının bir hissəsinə çevrilməli və hər kəs özünə hesabat verməlidir. BMT-nin qətnamələrinə, müxtəlif xüsusi qrupların yaradılmasına, Avropada bəzi qüvvələrin nümayiş etdirdiyi, əslində, dırnaqarası dəyərlərə baxmayaraq, problem həll olunmadı. Yalnız özümüz güclü olduğumuz zaman bu problemi həll etməyi bacardıq. Deməli, həmişə güclü olmalıyıq ki, 30 il ərzində yaşadığımız faciələri bir daha yaşamayaq. Bunun üçün də, əlbəttə ki, Azərbaycan xalqı olaraq dövlətimizin ətrafında sıx birləşməliyik”, – deyə Hikmət Babaoğlu bildirib.
Müxbir - Səbinə Əlizadə