Azərbaycanlı alimlərin Pekində çinli tələbələrlə görüşü olub
Pekin, 16 oktyabr, AZƏRTAC
Pekin Xarici Dillər Universitetində (PXDU) Azərbaycan dili ixtisası üzrə təhsil alan tələbə və müəllimlərin Azərbaycandan olan alimlərlə görüşü keçirilib.
AZƏRTAC xəbər verir ki, görüşdə PXDU-da Azərbaycan dili proqramının inkişafı kimi mövzular ətrafında dərin müzakirələr aparılıb. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosenti Qüdsiyyə Qəmbərova, Azərbaycan Dillər Universitetinin dosentləri Fialə Abdullayeva və Səbinə Əliyeva, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun dosenti Nərgiz Kərimova, Elm və Təhsil Nazirliyinin “Məktəbəqədər və ibtidai təhsil” jurnalının baş redaktoru Böyükağa Mikayıllı tələbələrin Azərbaycan dilinin xaricdə tədrisinin xüsusiyyətləri, hər iki dilin ləhcələri arasındakı fonetik və leksik fərqlər, akademik məqalələrin hazırlanması və nəşri barədə suallarını cavablandırıb, "Azerbaijani.edu.az" platformasının Azərbaycan dilinin xarici dil kimi tədrisindəki rolu barədə məlumat veriblər.
Azərbaycan alimləri çinli tələbələrin dil biliklərini yüksək qiymətləndirib, dərsliklərin tərtibi, tədris planının optimallaşdırılması və tələbə mübadiləsi proqramları ilə bağlı fikirlərini bildiriblər.
Qeyd edək ki, Çinin dövlət qurumları, xüsusən də Xarici İşlər Nazirliyi üçün kadrlar hazırlayan PXDU-da Azərbaycan dili kafedrası 2016-cı ildə yaradılıb. İlkin mərhələdə Azərbaycan dili üçüncü dil kimi tədris olunsa da, Çinin Təhsil Nazirliyinin qərarına əsasən, 2018-ci ildə ümumrespublika imtahanı əsasında Azərbaycan dili ixtisasına qəbul aparılıb və 9 tələbə dörd il ərzində Azərbaycan dilini öyrənərək Çinin ilk azərbaycanşünas kadrları olub. Onların hamısı magistratura təhsilini bitirərək müxtəlif sahələrdə çalışır. 2023-cü ildə yenidən Azərbaycan dili ixtisasına qəbul keçirilib. Hazırda 8 tələbə bakalavriat səviyyəsi üzrə təhsil alır. PXDU Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Dövlət, Azərbaycan Dövlət İqtisad və Xəzər universitetləri, Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) və digər qurumlarla sıx əməkdaşlıq edir.