Dünyaşöhrətli alim Erol Qelenbe İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında məruzə edib
Bakı, 16 oktyabr, AZƏRTAC
Polşa Elmlər Akademiyasının üzvü, London Kral Kollecinin dəvətli professoru Erol Qelenbe Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun elmi seminarında məruzə ilə çıxış edib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə AMEA-nın vitse-prezidenti, İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev Erol Qelenbeni görkəmli alimin elmi fəaliyyəti və nailiyyətləri haqqında məlumat verib, onun dünya elminə verdiyi mühüm töhfələrdən danışıb. Qeyd edib ki, o, kompüter elmləri və tətbiqi riyaziyyat sahələrində fundamental tədqiqatları ilə tanınan görkəmli alim, eyni zamanda təsadüfi neyron şəbəkələri ideyasının və nəzəriyyəsinin müəllifidir. Alimin bu nəzəriyyənin süni intellekt, kibertəhlükəsizlik, proqram mühəndisliyi və kənar hesablamalar (edge computing) sahələrində tətbiqi ilə bağlı apardığı tədqiqatlar xüsusi əhəmiyyətə malikdir.
Akademik bildirib ki, yüksək elmi göstəriciləri alimin beynəlxalq səviyyədə tanındığını və dünya elmi ictimaiyyətində nüfuzlu mövqeyə malik olduğunu nümayiş etdirir: “Professor Erol Qelenbenin 1269 elmi əsərinə 33 mindən çox istinad edilib, Hirş indeksi 100-ə çatıb. O, Polşa Elmlər Akademiyasının üzvü, IEEE və ACM kimi nüfuzlu beynəlxalq elmi təşkilatların fəxri üzvü olmaqla yanaşı, elmi nailiyyətlərinə görə bir sıra mötəbər beynəlxalq mükafatlara da layiq görülüb”.
Sonra professor Erol Qelenbe “Avto-Assosiativ təsadüfi neyron şəbəkələri / Kənar sistemlərdə kiberhücumların aşkar edilməsi və qarşısının alınması” mövzusunda məruzə ilə çıxış edib. Alim təsadüfi neyron şəbəkələri modelinin nəzəri əsasları, xüsusiyyətləri və tətbiq imkanları barədə məlumat verib. Həmçinin kiberhücumların avtomatik aşkarlanması və qarşısının alınması istiqamətində əldə etdiyi son elmi nailiyyətləri təqdim edib. Professor, eyni zamanda “Təsadüfi neyron şəbəkələri” texnologiyaları vasitəsilə Əşyaların İnterneti (IoT) cihazlarının, nəqliyyat sistemlərinin və kritik infrastruktur obyektlərinin kiberhücumlardan qorunması məsələlərini praktiki nümunələrlə izah edib.
O, institut əməkdaşlarının çoxsaylı sualları cavablandırılıb.
Tədbir çərçivəsində, həmçinin professor Erol Qelenbe ilə institutun alim və mütəxəssisləri arasında əməkdaşlıq perspektivləri, gənc doktorant və dissertantlara elmi rəhbərlik, birgə tədqiqatların aparılması və digər məsələlərə dair fikir mübadiləsi aparılıb.