“Azərişıq”: Süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var
Xocavənd, 16 oktyabr, AZƏRTAC
Hadrut qəsəbəsində "Yeni nəsil energetiklər, Şəbəkənin memarları” ümumrespublika yarışlarının final mərhələsi keçirilir. Yarışlar elektrik şəbəkələrində çalışan mütəxəssislərin peşə bacarıqlarının artırılması, regionlararası təcrübə mübadiləsinin genişləndirilməsi və gənc energetiklərin peşəyə marağının gücləndirilməsi baxımından əhəmiyyət daşıyır.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri “Azərişıq” ASC sədrinin birinci müavininin müşaviri Araz Məmmədzadə jurnalistlərə açıqlaması zamanı deyib.
"Bu yarışlar hər il olduğu kimi, bu il də doğma Qarabağda keçirilir. Bundan əvvəl regional elektrik şəbəkələri arasında seçim mərhələləri təşkil olunub. Təsadüfi deyil ki, bu gün rəqəmsal transformasiya və süni intellektin tətbiqi şəraitində hələ də fiziki hazırlıqlı işçilərə ehtiyacımız var. Bu baxımdan, mütəmadi olaraq belə yarışlar keçirilir. Həm regionlar arasında təcrübə mübadiləsi aparılır, həm də müxtəlif iqlim şəraitində çalışan əməkdaşlarımız burada iştirak edirlər. Təsadüfi deyil ki, türkdilli dövlətlər arasında Ankara şəhərində keçirilən növbəti peşə ustalığı yarışlarında da "Azərişıq" komandası "Ən təcrübəli və koordinasiyalı komanda" nominasiyası üzrə birinci yerə layiq görülüb. Bunun əsas səbəblərindən biri ölkəmizdə bu cür peşə ustalığı yarışlarının təşkil edilməsidir”, - deyə Araz Məmmədzadə qeyd edib.
Müxbir-Aydın Yavərzadə