Qubada texniki təhlükəsizlik mövzusu müzakirə olunub
Quba, 16 oktyabr, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin, “Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə Quba rayonunda “Texniki təhlükəsizlik bizim prioritetimizdir" mövzusunda seminar-müşavirə keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, agentliyinin rəis müavini Asif Məmmədov çıxışında respublikamızda həyata keçirilən mütərəqqi iqtisadi siyasətin əhəmiyyətindən, dövlətimizin başçısının sahibkarlara, o cümlədən sənaye sahələrində çalışan iş adamlarına göstərdiyi xüsusi diqqət və qayğıdan danışıb.
Quba Rayon İcra Hakimiyyəti başçısının müavini Şahin İsrafilov seminar-müşavirənin təşkilinə görə təşəkkürünü bildirib və bu cür tədbirlərin texniki təhlükəsizlik sahəsində fəaliyyətin təkmilləşdirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib.
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyasının İdarə Heyətinin sədri Orxan Xəlilzadə “Texniki təhlükəsizlik sahəsində xidmətlərin inkişafı” mövzusunda məruzə ilə çıxış edib. O, texniki təhlükəsizlik üzrə müasir xidmətlərin tətbiqi, beynəlxalq təcrübənin öyrənilməsi və ölkədə xidmət bazasının inkişaf etdirilməsi məsələlərinə toxunub, dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Agentliyin Azərbaycan Dövlət Əməyin Mühafizəsi və Təhlükəsizlik Texnikası Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Vüqar Xəlilov sənayedə təhlükəsizliyin sistemli araşdırılması və texniki təhlükəsizliyin təmin olunmasında əsas istiqamətlər, həmçinin sənaye sahələrində texniki təhlükəsizliyin tənzimlənməsində istifadə olunan qaydalar, təlimatlar, texniki-normativ sənədlər barədə tədbir iştirakçılarına ətraflı məlumat verib.
Digər çıxış edənlər sənayedə və dağ-mədən işlərində texniki təhlükəsizliklə bağlı mövcud problemlərə toxunub, istehsalatda bədbəxt hadisələrin qarşısının alınması üçün vacib olan qabaqlayıcı-profilaktik tədbirlər barədə təkliflər səsləndiriblər.
Sonda mövzu ətrafında geniş müzakirələr aparılıb, iştirakçıların sualları cavablandırılıb.
Müxbir – Elxan Yusifli