Mahnı Teatrında Maykl Ceksonun yaradıcılığına həsr olunmuş konsert təşkil edilib
Bakı, 16 oktyabr, AZƏRTAC
Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında dünya pop musiqisinin əfsanəsi Maykl Ceksonun yaradıcılığına həsr olunmuş “Maykl Cekson” tribyut konsert keçirilib.
Teatrdan AZƏRTAC-a bildirilib ki, konsertdən əvvəl çıxış edən ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər üzrə vəkili Emi Karlon Maykl Ceksonun dünya musiqi mədəniyyətindəki əvəzsiz rolunu vurğulayıb.
Konsert proqramında dünyaşöhrətli sənətçinin “Billie Jean”, “Beat It”, “Thriller”, “Heal the World”, “Man in the Mirror” və digər məşhur mahnıları gənc solistlər: İlkin Dövlətov, Fahree, Əlifaiq Mirzəyev, Babək Əfəndi və teatrın solisti Natəvan Həsənovanın ifasında “STB”(Song Theatre Band) pop qrupunun müşayiətilə təqdim olunub. Konsertdə Maykl Ceksonun zəngin musiqi irsi, özünəməxsus ifa tərzi və dünya pop musiqisinə bəxş etdiyi unudulmaz əsərlər tamaşaçılara təqdim edilib.
Sənətçinin sevilən mahnılarının müasir səhnə təqdimatı onun yaradıcılığının müxtəlif nəsillər üçün aktuallığını bir daha nümayiş etdirib. Layihənin əsas məqsədi dünya musiqisinin əfsanəvi irsini yaşatmaq, Maykl Ceksonun yaradıcılığını yeni nəsillərə tanıtmaq və onun sevilən mahnılarını müasir ifa üslubunda dinləyicilərə çatdırmaq olub.