Suraxanıda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub
Bakı, 16 oktyabr, AZƏRTAC
Suraxanı Rayon İcra Hakimiyyətində Prezidenti İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə həsr olunmuş müşavirə keçirilib.
Bu barədə AZƏRTAC-a Rayon icra hakimiyyətindən məlumat verilib.
Müşavirə iştirakçıları müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsinə dərin ehtiramlarını ifadə ediblər.
Tədbir Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Sonra Yeni Azərbaycan Partiyasının VIII Qurultayı ilə bağlı videoçarx nümayiş olunub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyev çıxışında dövlətimizin başçısı İlham Əliyevin ilk dəfə Azərbaycan Prezidenti seçilməsinin 23-cü ildönümünü qeyd edərək, ötən dövrün ölkəmizin qüdrətinin yüksəlməsi, ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə tariximizdə müstəsna yer tutduğunu vurğulayıb. Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayında müəyyənləşdirdiyi vəzifələrə toxunan rayon rəhbəri davamlı inkişafın iqtisadi qüdrətlə yanaşı, milli birliyin, sağlam mənəvi mühitin və vətəndaş məsuliyyətinin gücləndirilməsini tələb etdiyini bildirib. İdeoloji təhlükəsizliyin milli təhlükəsizliyin ayrılmaz tərkib hissəsi olduğunu diqqətə çatdıraraq, gənc nəslin milli kimliyinin, dünyəvi təhsilinin və azad düşüncəsinin qorunmasının vacibliyini qeyd edib. Vurğulanıb ki, qarşıya qoyulan vəzifələrin icrası konkret əməli işə çevrilməli, dövlətçiliyin və cəmiyyətin mənəvi dayaqlarının möhkəmlənməsinə xidmət etməlidir.
Müşavirədə Rayon Ağsaqqallar Şurasının sədri Arif Babayev, Vətən müharibəsi şəhidi Əlihüseyn Məmmədovun anası, 226 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru Arzu Məmmədova və digər natiqər məruzə ətrafında çıxış ediblər.
Çıxışlarda Azərbaycanın müstəqilliyinin və suverenliyinin möhkəmləndirilməsində milli birliyin, tarixi yaddaşın və dövlətçilik ənənələrinə sədaqətin müstəsna rolu vurğulanıb. Gənc nəslin Vətən qarşısında məsuliyyət ruhunda yetişdirilməsi, təhsil və maarifləndirmə vasitəsilə cəmiyyətin mənəvi dayaqlarının gücləndirilməsi, bu istiqamətdə bütün ictimai qüvvələrin birgə fəaliyyətinin əhəmiyyəti diqqətə çatdırılıb.